BAKI, 27 iyul — Sputnik. Tarif (qiymət) Şurasının iclasında benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair SOCAR-ın müraciətinə baxılıb.
Benzin və dizel üzrə pərakəndə satış tarifi mövcud 1,0 manat/litr və 0,80 manat/litr səviyyəsində əvvəlki kimi saxlanılmaqla tarif zəncirində dəyişiklik edilərək topdansatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən olunması məqsədəuyğun hesab olunub. Belə ki, benzin və dizel üzrə mövcud 18 manat/ton topdansatış təchizat tarifi 20 manat/ton, yanacaqdoldurma məntəqələrinin mövcud 100 manat/ton marjası 108 manat/ton müəyyən edilib, həmçinin həmin məhsulların borular vasitəsilə nəqli tarifi 3 manat/ton səviyyəsində müəyyənləşdirilib.
Yeni qərar gələcəkdə pərakəndə satış ilə bağlı qərarların olması ehtimalını artırır
Qərarı şərh edən iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu qərar istehsalçıların əməliyyat xərclərinin artmasına səbəb olacaq:
"Başqa sözlə, şirkətlərin əməliyyat xərclərinə birbaşa təsir göstərəcək. Amma bu, benzin və dizelin pərakəndə satışına təsir etməyəcək. Tarif Şurası tərəfindən bu qiymətlər tənzimlənir. Lakin bu addımı bir siqnal kimi də qəbul etmək olar. Belə ki, bir müddətdən sonra şirkətlər Tarif Şurasına müraciət edə bilərlər ki, əməliyyat xərclərində dəyişikliklər, artımlar, problemlər var və pərakəndə satış qiymətlərinə yenidən baxılsın. Ola bilər ki, bu, yaxın gələcəkdə dövlət tərəfindən tənzimlənən qiymətlərə də müəyyən dərəcədə təsir etsin və qiymətlər dəyişsin. Yeni qərar gələcəkdə pərakəndə satış ilə bağlı qərarların olması ehtimalını artırır. Bu qərar yeni idarəetmə modelinə keçidə, yəni şirkətdaxili rəqabətin yaradılmasına cəhddir".
Tarif zəncirində hər bir strukturun payı ayrıca müəyyən olunub
İqtisadçı Xalid Kərimli isə Sputnik Azərbaycan-a bildirib ki, yeni qərarla Şura qiymətəmələgəlmə zəncirində strukturların payını müəyyənləşdirib:
"Əvvəllər strukturda nəql, təchizat, saxlanma, alış qiymətləri ümumi formada müəyyən edilmişdi. Amma indi tarif zəncirində hər bir strukturun payı ayrıca müəyyən olunub. Bu, tənzimləmə ilə bağlıdır və pərakəndə satışa təsiri yoxdur. Yeni qərar yanacaq istehsalını və satışını təşkil edən strukturların öz aralarındakı hesablaşmalarda və hesabatların hazırlanmasında şəffaflığa gətirib çıxardacaq".
Hazırda yanacağın pərakəndə satış qiymətinin qaldırılması üçün əsas var
O bildirib ki, Aİ-92 benzinin pərakəndə satış qiymətinin bahalaşması hökumətin qərarından asılı olacaq:
"Hazırda yanacaq qiymətləri bahalaşıb. Aİ-92 benzinin və dizelin maya dəyəri yüksəlib. Bunların qiyməti qalxsa, inflyasiya daha da artacaq. Hökumət hazırda inflyasiyanı artırmamaq, əhalinin sosial vəziyyətini pisləşdirməmək üçün qiymət artımına getmir. Lakin hazırda yanacağın pərakəndə satış qiymətinin qaldırılması üçün əsas var".
İstehsalçının gəlirləri azalacaq, təchizatçının gəlirləri isə artacaq
İqtisadçı Samir Əliyev də bildirib ki, Tarif Şurasının qərarı benzin (Aİ-92) və dizelin pərakəndə satış qiymətinin bahalaşmasını nəzərdə tutmur:
"Bu qərar istehsalçının gəlirlərinin azalmasını, təchizatçı və pərakəndə satıcıların gəlirlərinin isə artmasını nəzərdə tutur. Belə ki, avqust ayının 1-dən sonra Aİ-92 benzini satan istehsalçının qazancı hər ton üçün 6 manat azaldığı halda, təchizatçının qazancı hər ton üçün 2 manat, yanacaqdoldurma məntəqələrinin qazancı isə hər ton üçün 8 manat artacaq. Qərara əsasən, Aİ-92 benzinin hər tonunun istehsal qiyməti 695,75 AZN-dən 689,78 AZN-ə düşüb, təchizatçının qazancı isə 18 AZN-dən 20 AZN-ə yüksəlib. Dizel yanacağı üzrə də analoji vəziyyətdir. Yeganə olaraq istehsalçı dizeli 7,2 AZN ucuz, yəni 574,69 AZN-ə satmalı olacaq".
Samir Əliyev - iqtisadçı
© Neytral
Dəyişiklik benzinin, dizelin pərakəndə satış qiymətinə təsir etməyəcək
Qeyd edək ki, Tarif Şurasının məlumatına görə, aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərməyəcək və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir.
Şuranın indiyədək qüvvədə olan qərarına əsasən, neft məhsulunun topdansatış tarifi (təchizat tarifi də daxil olmaqla) pərakəndə satış yerinədək daşınması ilə bağlı bütün xərclər daxil edilməklə tətbiq edilirdi. Təchizat tarifi isə özündə həm topdansatış məntəqələri üzrə saxlanılma və nəql xərclərini, həm də pərakəndə satış məntəqələrinə çatdırılma xərclərini birlikdə ehtiva etdiyi üçün subyektlər arasında xidmətin yerinə yetirilmə növündən asılı olaraq mübahisəli halların yaranmasına, maliyyə intizamının pozulmasına səbəb olurdu.
Məsələ ilə bağlı ötən müddət ərzində müvafiq təhlil işləri aparılıb və bu cür halların aradan qaldırılması məqsədilə benzin və dizel üzrə pərakəndə satış tarifi mövcud 1,0 manat/litr və 0,80 manat/litr səviyyəsində əvvəlki kimi saxlanılmaqla tarif zəncirində dəyişiklik edilərək topdansatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən olunması məqsədəuyğun hesab olunub.
Bu ay Aİ-95, Aİ-98 markalı benzinlərin qiyməti qalxıb
Xatırladaq ki, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə Aİ-95 premium markalı benzinin satışı 2,00 AZN-dən, Aİ-98 markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb. Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i Aİ-95 premium və Aİ-98 super markalı benzinin payına düşür. Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir.
Ölkədə yanacağın qiymətinə sonuncu dəfə ötən ilin yanvarında baxılıb
Aİ-92 markalı benzinin qiymətini Tarif Şurası müəyyən edir. Azərbaycanda yanacağın qiymətinə sonuncu dəfə ötən ilin yanvarında dəyişiklik edilib.
Yanvarın 4-də Tarif Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Tarif Şurası bu qərarı istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə neft emalı sənayesində yenidənqurma, modernləşdirmə işlərinin davam etdirilməsi, tənzimlənən qiymətlərin sayının azaldılması, bazar münasibətlərinin formalaşdırılması istiqamətində dövlət siyasətini nəzərə alaraq verib.