BAKI, 27 iyul — Sputnik. Rusiya tərəfi Ukraynada dinc əhalinin məhv edilməsinə görə məsuliyyət daşıyan cinayətkarların cəzalandırılmasını tələb edəcək. Bu barədə Rusiyanın baş prokuroru İqor Krasnov Aşqabada səfəri zamanı bildirib.
Krasnovun sözlərinə görə, xüsusi hərbi əməliyyatın başlanmasının səbəblərindən biri Kiyev rejiminin Donbasda 8 il ərzində, əsasən, Ukraynanın rusdilli əhalisinə qarşı törətdiyi cinayətlər olub.
"Bütün bu faktlarla bağlı cinayət işi başlanıb. Biz isə cinayətkarların ədalətli cəzalandırılmasını istəyəcəyik", - deyə Krasnov Türkmənistanın müdafiə naziri, Dövlət Təhlükəsizlik Şurasının katibi Beqençem Gundoqdıyevlə görüşündə vurğulayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Avropa İttifaqı Ukrayna hərbçilərinin cinayətlərinə görə məsuliyyət daşımalıdır. Onun sözlərinə görə, Avropa İttifaqının Ukraynanın silahlanmasına əlavə 500 milyon avro ayırmaq qərarı siyasi nizamlanmaya töhfə vermək üçün "tam istəksizliyi" göstərir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.