BAKI, 27 iyul — Sputnik. Azərbaycanda müəllimlərin əməkhaqqı artırılacaq. Bu barədə bu gün təhsil naziri Emin Əmrullayev "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və digər məsələlərlə bağlı keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, 137 min nəfərin sertifikasiyasının həyata keçirilməsi nəzərdə tutulur: "Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin əməkhaqqının artırılması nəzərdə tutulub".
O qeyd edib ki, əməkhaqqının artımlarının qanunvericilikdə əks olunması sevindiricidir: "Məktəb direktorlarının təyinatı zamanı da yalnız yüksək nəticə göstərən müəllimlərin seçiminə önəm veriləcək. 3-5 ildən sonra təhsildə sertifikasiyanın müsbət təsirlərini görəcəyik. Çalışırıq ki, şagirdlərin qarşısına savadlı müəllimləri çıxaraq".