AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda bir ölkə sakini ayda nə qədər pul xərcləyib?

Azərbaycan əhalisinin xərclədiyi pulun yarısından çoxu ərzaqların alınmasına sərf edilib. Adambaşına düşən orta aylıq xərc yüksəlib
Sputnik
BAKI, 27 iyul — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. Bu ilin 6 ayında pərakəndə ticarətdə bir ölkə sakini hər ay orta hesabla 373,5 manat pul xərcləyib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,8 manat çoxdur. Xərclərin 209,6 manatı ərzaq, içki və siqaretin, 163,9 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
İnflyasiya xərcləri artırır
Xərclərin artmasının əsas səbəbi məhz inflyasiyadır. Pərakəndə ticarətdə əsas yeri ərzaq məhsulları tutur. 6 ayda ölkədə ərzaq inflyasiyası 19 faiz olub. Təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (6 faizdən çox), ödənişli xidmətlərin (10 faizdən çox) qiymətləri də bahalaşıb. Xərclərin artmasının əsas səbəbi qiymətlərin bahalaşmasıdır.
Pərakəndə ticarət dövriyyəsi artıb
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında pərakəndə ticarətdə istehlakçılara 22,5 milyard manatlıq mallar satılıb. Bunun 12,6 milyard manatı ərzaq məhsulları, içki və tütün məmulatlarının, 9,9 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 2,9 faiz artıb.
Vəsaitin yarıdan çoxu ərzaqlara gedib
Alıcıların xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içki və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Xərclənən vəsaitin 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının payına düşüb.
Xatırladaq ki, ötən ilin 6 ayında pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 322,7 manatlıq, o cümlədən 173,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,9 manatlıq qeyri-ərzaq malları alıb.