CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pomidorun qiyməti niyə bahadır? İlginc səbəb-FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadə pomidorun qiymətindəki bahalaşmanın səbəbini izah edib.
Sputnik
BAKI, 26 iyul — Sputnik. Artıq bir neçə gündür ki, pomidorun qiymətində kəskin artım müşahidə olunur. Pomidorun qiyməti 3.50 manatadək yüksəlib
1 manata, 1.10 manata satılan pomidor hazırda bazarda 1.50-1.90 manata təklif olunur. Super marketlərdə isə pomidorun satış qiyməti daha yüksəkdir. "Bravo" marketlər şəbəkəsində dünən pomidorun bir kiloqramı 2.65- 2.69 manata satılıb.
"Rahat" marketlər şəbəkəsində isə çəhrayı Şəmkir pomidoru 3.50 manata satılır.
Alıcılar yayda pomidorun qiymətinin bu qədər bahalaşmasının səbəbinin hansı amillə bağlı olduğunu soruşurlar. Məsələn, sosial şəbəkə fəalı Aynur Haqverdiyeva marketlərdə pomidorun qiymətinin 3 manatadək bahalaşdığını əks etdirən şəkillər paylaşaraq buna birinin aydınlıq gətirməsini istəyib.
Pomidorun qiymətinin birdən-birə 3-3.50 manatadək bahalaşması sosial platformada ciddi müzakirələrə səbəb olub.
Səbəb nədir?
Sputnik Azərbaycan pomidorun qiymətinin kəskin bahalaşmasının səbəbini araşdırıb. "Bravo" marketdə satıcı qiymətin topdansatışda bahalaşdığını bildirib. Baş çəkdiyimiz digər iri supermarketlərdə də qiymət artımının topdansatışda baş verdiyini söylədilər.
Cahangir adlı şəxs pomidorun qiymətində bahalaşmanın səbəbini "parnik"lərin istehsalı başa vurması ilə əlaqəli olduğunu söyləyib. O, bildirib ki, artıq "parnik"lər sökülüb. Ona görə topdansatışda pomidor yoxdur.
Pomidorun satışı
"Buta Aqro"dan da qiymətə istixanaların fəaliyyətini dayandırması səbəb olub: "İstixanada pomidorun yetişdirilməsi tam başa çatıb. "Parnik" pomidorları bazarda bir də sentyabrda olacaq. Bu da qiymətə təsir edib".
İstixanalardan bildirdilər ki, topdansatışda "Zirə", "Qazax", Pink paradise sortu (çəhrayı pomidor) nunun bir kiloqramı 2 manat olub. "Cherry" pomidoru isə topdansatışda 2 manat 40 qəpikdir. Sahə pomidoru isə satışa 2 manat 50 qəpiyə təklif olunur. Bu da marketlərdə pomidorun bahalaşmasına səbəb olub.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadə də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pomidorun qiymətinin bahalaşmasının səbəbi istixanalarda yetişdirilən pomidorun bitməsidir: "İsixana şəraitində yetişdirilən pomidor bitib. Sahədə pomidor isə yetişməyib. Qurunt pomidoru açıq şəraitdə yetişmədiyindən qiymətdə qəfil belə bahalaşma baş verib".
Pomidorun satışı
F. Fikrətzadə onu da bildirib ki, bu mövsümdə iqlimdə gecikmə pomidorun açıq sahədə yetişməsini ləngidib: "Həmişə istixanada pomidor bitənə qədər açıq sahədə pomidor yetişirdi. Bu mövsüm yağışlar, temperaturun aşağı olması açıq sahədə pomidor yığımını ləngidib. Bu isə bazarda qiymətin artmasına rəvac verib. Artıq sahədən pomidor yığımına başlanılıb. Bu kütləvi xarakter aldıqdan sonra pomidorun qiyməti ucuzlaşacaq".
Məhsuldarlıq yüksək olacaq
Mərkəz rəhbəri bildirib ki, bu il pomidorda məhsuldarlığın yüksək olacağı gözlənilir. Çünki, havalar əlverişli keçib. Dövlət Statistika Komitəsindən isə bildirdilər ki, 2021-ci ildə açıq və örtülü torpaqlar üzrə pomidorun əkin sahəsi 2015-ci ilə nisbətən 21.4% azalıb, 2020-ci ilə nisbətən isə 4.1% artaraq 20.2 min hektar olub.
2021-ci ildə pomidorun əkin sahəsinin 87.1%-i (17.6 min ha) açıq, 12.9%-i (2.6 min ha) isə örtülü torpaqların payına düşüb. 2021-ci ildə ölkə üzrə pomidor istehsalının 50%-dən çoxu Şəmkir (21.0%), Abşeron (13.9%), Bakı (10.8%), Xaçmaz (8.2%) və Göyçay (5.0%) payına düşüb . 2021-ci ildə açıq torpaqlarda pomidorun məhsuldarlığı 2015-ci ilə nisbətən 8.1% artıb, 2020-ci ilə nisbətən isə 3.1% azalaraq 204.3 sent/ha olub.
Daxili bazarda topdan satış qiymətləri mövsümdən asılı olaraq "Bakı" pomidoru üzrə 0.38-3.10 AZN/kq, "Zirə" pomidoru üzrə 0.48-3.10 AZN/kq, Çəhrayı pomidor üzrə 0.47-3.14 AZN/kq, "Xaçmaz sultan" pomidoru üzrə isə 0.33-1.35 AZN/kq arasında dəyişib.
Pomidorun satışı
İxrac statistikası
2021-ci ildə Azərbaycandan pomidor ixracı 2020-ci ilə nisbətən 22.6% azalaraq 145.2 min ton olub. 2021-ci ildə Azərbaycandan pomidor ixracının 96.5%-i Rusiya bazarının payına düşüb, az həcmdə isə Ukrayna, BƏƏ və Qazaxıstana ixrac olunub. 2021-ci ildə Azərbaycana pomidor idxalı 923.0 ton olub. Bunun 43.2%-i Rusiyanın, 34.7%-i Qazaxıstanın, 17.6%-i Türkmənistanın, 3.8%-i Belarusun, 0.7%-i isə digər ölkələrin payına düşüb.
FAO-nun məlumatına əsasən dünya üzrə 2020-ci ildə 186.8 milyon ton pomidor istehsal olunub. Dünya üzrə istehsal olunan pomidorun 70%-dən çoxu 10 ölkənin payına düşüb. Bu siyahıya başçılığı Çin edir. 3-cü yerdə Türkiyə, sonuncu yerdə Braziliya qərarlaşır. 2020-ci ildə qlobal bazarda pomidor idxalının həcmi 7.9 milyon ton və ya 9.9 milyard ABŞ dolları olub.
Pomidorun əsas idxalçıları ABŞ (23.4%), Almaniya (9.5%), Fransa (6.5%), Rusiya (5.9%) və Birləşmiş Krallıqdır (4.9%). 2020-ci ildə pomidorun 1 tonunun dünya üzrə orta idxal qiyməti 1.3 min ABŞ dolları olub. Pomidor ixracında Meksika (20.7%), Hollandiya (12.1%),İran (9.1%), İspaniya (8.7%) və Mərakeş (7.1%) ilk beşlikdədir. Qlobal bazarda pomidor ixracı üzrə Azərbaycanın payı 2.2% təşkil edib.