BAKI, 26 iyul — Sputnik. Avropa Həmkarlar İttifaqları Konfederasiyası (CES) bütün Avropa İttifaqı üçün iş yerində temperatur həddini təyin edən qanunun qəbuluna çağırıb. Bu barədə Le Figaro nəşri yazır.
Konfederasiyanın kommünikasında bildirilir ki, İspaniyada ötən həftə istilər səbəbindən iki işçi həlak olub. Fransada isə 2020-ci ildə 12 nəfər istiliklə bağlı bədbəxt hadisələr nəticəsində İstehsalatda həlak olub.
Həmkarlar ittifaqları Avropa Yaşayış və İş Şəraitinin Yaxşılaşdırılması Fondunun (Eurfound) məlumatlarına istinad edərək, Aİ-də işləyən insanların 23%-nin iş vaxtının dörddə birində yüksək temperatura məruz qaldığını, kənd təsərrüfatında bu rəqəmin 36 %, tikinti üçün isə 38% çatdığını bildirib.
Eyni zamanda, Avropanın yalnız bir neçə ölkəsində qanunlar işçiləri iş yerində həddindən artıq istiləşmədən qoruyur. Belə ki, işi fiziki güclə bağlı olan belçikalı işçilər 22 dərəcədən yuxarı temperaturda işləyə bilməzlər. Macarıstanda eyni növ iş üçün istilik həddi 5 dərəcə yüksəkdir, Sloveniyada isə bütün iş yerləri üçün yüksək temperatur həddi 28 dərəcədir.
Konfederasiyanın baş direktorunun müavini Klas-Mikael Stal deyib: "İşçilər hər gün iqlim böhranının önündədirlər, onların adekvat müdafiəyə ehtiyacı var. Hava şəraiti milli sərhədlərə əhəmiyyət vermir. Buna görə maksimum iş temperaturu haqqında ümumavropa qanunvericiliyinə ehtiyacımız var".
Həmkarlar İttifaqları Konfederasiyası bu kommünikeni bir çox Qərbi Avropa ölkələrində yaşanan anormal istilər dalğası fonunda yayıb.