RUSİYA

Zaxarova Qor və Trampın ABŞ-a qarşı tənqidini inqilabi hesab edib

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Trampın yalnız iki cinsin varlığı ilə bağlı sözlərini və Qorun ABŞ-ı tənqid etməsini inqilabi qiymətləndirib
Sputnik
BAKI, 25 iyul — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qorun "sınmış demokratiya" ilə bağlı sözlərini və Ağ Evin keçmiş rəhbəri Donald Trampın yalnız iki cinsin varlığı barədə bəyanatını şərh edib.
Zaxarova bildirib ki, ABŞ-da "nələrisə təxmin etməyə" başlayıblar.
"Bu, bir möcüzədir. Qor demokratdır. Tramp respublikaçıdır. Hər ikisi eyni vaxtda ABŞ üçün iki inqilabi şey elan edib: Amerika demokratiyası məhv edilib və yalnız iki cins var - kişi və qadın. Yəqin ki, nəyisə təxmin etməyə başlayıblar", - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi yazıb.
Bazar günü, iyulun 24-də ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, dünyada yalnız iki cins var - qadın və kişi. O, ABŞ-ın mövcud gender siyasətini tənqid edib.
Öz növbəsində, ABŞ-ın Demokratlar partiyasından keçmiş vitse-prezidenti Albert Qor iyulun 23-də NBC News-a müsahibə verib. Orada o, Amerika demokratiyasının məhv edildiyini bəyan edib.
Qor bildirib ki, demokratiyanın məhv olması səbəbindən ABŞ hakimiyyəti Konqresdə iqlim dəyişikliyi, eləcə də hücum tüfənglərini qadağan edən qanunlarla bağlı hər hansı razılığa gələ bilmir.