BAKI, 25 iyul — Sputnik. Yunanıstan ölkəni Avropa Komissiyasının qaz istehlakını 15% azaltmaq planından kənarlaşdırmağa çalışacaq. Bu barədə jurnalistlərə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Yannis İkonomu bildirib.
"Biz Avropa Komissiyasının indiki formada olan təklifini ölkəmiz üçün qəbuledilməz hesab edirik. Yunanıstan ondan kənarda qalmağa çalışacaq", - deyə İkonomu vurğulayıb.
Onun sözlərinə görə, Afina bu layihəni həyata keçirə bilməyəcək, çünki Yunanıstan üçün bu, əvvəlki illə müqayisədə istehlakın 24% azalması demək olacaq.
İkonomu, həmçinin, alternativ təklif edib. Onun sözlərinə görə, hesablama son 15 il üçün istehlakdan deyil, 2021-ci ilin nəticələrinə görə aparılmalıdır.
kp.ru saytının daha əvvəl yazdığı kimi, Avropa Komissiyası (AK) Avropa İttifaqına üzv ölkələrə bu ilin avqustundan aprel ayına qədər qaz istehlakını 15% azaltmağı təklif edib. Çərşənbə günü, iyulun 20-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen qazla bağlı fəaliyyət planını təqdim edərək belə bir bəyanat verib.
Onun sözlərinə görə, AK Rusiya qazının tamamilə dayandırılmasını ehtimal olunan ssenari hesab edir və buna görə də belə ssenariyə hazırlığa çağırır. Hazırda Rusiyadan Avropa İttifaqına mavi yanacağın axını 2021-ci ilin iyul ayına olan göstəricilərin üçdə birindən çox deyil və Avropa İttifaqının qaz anbarları 62% doludur, - deyə fon der Lyayen dəqiqləşdirib.