SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə Rusiya ilə potensial əməkdaşlığı inkişaf etdirmək niyyətindədir - Ərdoğan

Ərdoğan iki ölkənin razılığa gələ bilmədiyi məsələlər olmasına baxmayaraq, Türkiyənin Rusiya ilə potensial əməkdaşlıq sahələri inkişaf etdirmək niyyətində olduğunu qeyd edib.
Sputnik
BAKI, 25 iyul - Sputnik. “İran səfəri çərçivəsində Putinlə görüşümüz çox fərqli keçdi, çünki Putin və Zelenski məsələsində hamıya düşmən deyil, dost gözü ilə baxırıq”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.
Prezident iki ölkənin razılığa gələ bilmədiyi məsələlər olmasına baxmayaraq, Türkiyənin Rusiya ilə potensial əməkdaşlıq sahələri inkişaf etdirmək niyyətində olduğunu qeyd edib.
Bundan əlavə, Ərdoğan İranda baş tutan Astana prosesi üzrə sammitdə terrorun əsas müzakirə mövzusu olduğunu xatırladaraq, Suriyanın terrorçu yuvasına çevrildiyini bildirib.
Taxıl sazişinə əməl etməli
Ərdoğan həmçinin 22 iyulda İstanbulda imzalanan taxıl sazişinə də toxunub.
"Taxıl daşınmasına dair sazişin imzalanması ilə tarixi uğura verdiyimiz töhfə Türkiyənin əhəmiyyətli ölkə olduğunu göstərdi", - o, deyib.
Türkiyə Prezidenti qeyd edib ki, sazişin imzalanmasına dair müzakirələr çox həssas formada davam edib.
Ərdoğan Odessa limanına endirilən raket atəşlərinin təəssüf doğurduğunu, baş verə biləcək uğursuzluğun hamının əleyhinə olacağını vurğulayıb: “Onların atdıqları imzalara və üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmaqlarını istəyirik”.
Türkiyə lideri Ukraynada ədalətli və daimi sülhə də nail olunacağına ümid etdiyini deyib.
İsveç və Finlandiya güzəşt gözləməsin
Ərdoğan həmçinin qeyd edib ki, İsveç və Finlandiya terrorçular məsələsində Türkiyədən güzəşt gözləməsin.
O qeyd edib ki, NATO-nun Madrid zirvəsindən, tərəflər arasında razılaşma əldə olunduqdan dərhal sonra hər iki ölkənin küçələrində terrorçular yürüşlərini davam etdirib.
Ərdoğan Madriddəki anlaşmanın sadəcə dəvət prosesi olduğunu xatırladaraq, İsveç və Finlandiyanın Türkiyə ilə mövqelərini yaxınlaşdırmaq yerinə uzaqlaşdıqlarını bildirib.
Türkiyə lideri, belə davam edəcəyi təqdirdə, Türkiyə parlamentinin sözügedən ölkələrin NATO-ya üzvlüyünə müsbət cavab verməyəcəyini də vurğulayıb.