CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabiq icra başçısı 12 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyev son sözlə çıxış edib.
Sputnik
BAKI, 25 iyul — Sputnik. İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyev son sözlə çıxış edib.
Vilyam Hacıyev bildirib ki, istintaq zamanı, məhkəmə dövründə ona qarşı verilən ittihamlar təsdiqini tapmayıb. Dövlətə və dövlətçiliyə xidmət etdiyini qeyd edən Vilyam Hacıyev xidmətlərini sadalayıb. O, sonda məhkəmədən ədalətli qərar qəbul etməyi xahiş edib.
Məhkəmə hökm elan etmək üçün müşavirəyə yollanıb.
Müşavirədən sonra prosesdə hökm elan olunub. Hökmə əsasən, Vilyam Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror çıxışında Vilyam Hacıyevin 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.