MƏDƏNİYYƏT

Toylarda sazı atıb-tutmağın bu sənətə heç bir aidiyyatı yoxdur - Ustad aşıq

Aşıq Altay Məmmədli bildirir ki, Sovet dövründə sərhədlərin bağlı olması nəticəsində əksər aşıq havalarından xəbərsiz olublar.
Sputnik
BAKI, 24 iyul — Sputnik. Saz bizim ən qədim musiqi alətimizdir. Ulu dədələrimizin bir əlində qılınc olanda bir əlində də saz olub. Mərhum Xalq şairi Zəlimxan Yaqubun təbiri ilə desək, "Millətimi saz anladar, saz anlar. Saza baxsın tariximi yazanlar".
Aşıq sənəti tarixin sərt sınaqlarından həmişə üzüağ çıxıb, bütün məqamlarda özünəməxsusluğunu qoruyub, yad təsirlərə qarşı dözümlü olub. Azərbaycanda 70 illik sovet dövründə də heç nə onu öz yolundan döndərə bilməyib. Sərhədlərin bağlı olduğu o illərdə də saz Azərbaycanın mənəvi dünyasının xəritəsini bütövləşdirib. Amma Sovetin ağır sınaqlarından çıxan aşıq havaları getdikcə unudulmaqdadır.
Ustad aşıq, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Aşıq Altay Məmmədli ilə unudlmaqda olan aşıq havaları barədə danışdıq.
A.Məmmədli bildirir ki, XX yüzilliyin əvvəllərində Azərbaycanda Sovet rejiminin qurulması ədəbiyyata, mədəniyyətə də təsirsiz qalmayıb. Cənubi Azərbaycan və Türkiyə ilə əlaqələrin itməsi bu aşıq sənətinə öz təsirini göstərib:

"Sovet dövründə Cənubi Azərbaycan, Türkiyə ilə əlaqələr olmadığından əksər aşıq havalarından xəbərsiz idik. Həmin dövrlərdə 72 aşıq havasından xəbərdar idik. Sərhədlər açıldı, gediş-gəliş artdıqdan sonra məlum oldu ki, aşıq havalarının sayı daha çox imiş".

Ustad aşıq bildirir ki, professor Məhərrəm Qasımlı bu barədə geniş araşdırma aparıb. Onun araşdırmalarından məlum olub ki, 20-yə yaxın aşıq mühiti var:
"Məsələn, Cənubi Azərbaycanda Təbriz, Zəncan, Urmiya, Qaradağ aşıq mühitləri var. Bu mühitlərin özlərinin də ayrıca havaları var. Bu havaları klassik havaların üzərinə gələndə aşıq havalarının sayı 200-300 olur. O mühitlərin özündə xeyli ustaq aşıq yetişib".
Aşıq bildirir ki, həmin havalar öz-özlərindən yaranmayıb:
"Onların müəllifləri var. Aşıq Abbas Tufarqanlı, Xəstə Qasımdan sonra gələnlərin hər birinin havaları var. Həmin havaların adları bəzən iki adla tanınır. Məsələn, "Hüseyni" havasının müəllifi Aşıq Hüseyn Şəmkirlidir. O hava Borçalı mühitində "Dastanı" adlanır.
Universitet müəlliminin sözlərinə görə, Aşıq Hüseyn Şəmkirlinin bir neçə havası var:
"Məsələn, "Şəmkir gözəlləməsi", "Summayi" havaları var ki, onlar unudulmaqda olan havarldandır. Amma "Dilqəmi", "Aşıq Hüseyn gözəlləməsi" klassik hava olmaqla yanaşı, günümüzdə də populyardır. Bundan başqa, Aşıq Mikayıl Azaflının da 10-dan çox havası var. O da XX əsrin ən nəhəng aşıqlarından biri olub. Onun da bir neçə havası, məsələn "Qoca qartal" havası bu günə qədər məşhurdur".
Aşıq bildirir ki, ən məşhur aşıq havaları toylarda, bayramlarda tanınıb. Onlar el şənliklərində çox böyük hörmətlə ifa olunub, dinlənilib:
"Amma əfsus ki, bu gün aşıq sənətinə olan münasibət dəyişib. Toylarda sazı atıb-tutmağın bu sənətə heç bir aidiyyatı yoxdur. Onunla sirkdəki kimi davranmaq olmaz. Dədə Qorquddan miras qalan bu məqəddəs aləti toyda atıb-tutmaq nəyə lazımdır? Bu, aşıq sənətinə olan hörmətsizlikdir. Aşıq havanı elə aşıq kimi ifa etməlidir. Axı sazın dili yoxdur ki, desin ki, "mənimlə belə rəftar eləmə". Bu, vicdan məsələsidir. Ona görə də bu gün aşıqlara olan münasibət birmənalı deyil. Amma bu sənətlə hörmət qazanmaq da olar. Bu gün Azərbaycanın aşıq sənətini YUNESKO-nun qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir".
Saz emalatxanası, arxiv şəkli
Xatırladaq ki, Saz – təzənə (mizrab) ilə çalınan simli çalğı alətidir. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. Sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlıdır.
Aşıq sənəti isə şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Ta qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılmışlar. Onlar həmişə el içində yaşamış, öz dövrlərinin, mühitlərinin bilikli, məlumatlı adamları, müdrik sənətkarları olmuşlar. Aşıq yaradıcılığında xalqımızın çoxəsrlik tarixi, xarici düşmənlərə qarşı mübarizəsi, əmək şəraiti, toy-düyünləri rəngarəng bədii boyalarla öz ifadəsini tapmışdır.
Azərbaycan dövlətinin, xüsusilə UNESCO və ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
MƏDƏNİYYƏT
Onun sazının sirri Kəlbəcərdən gəlib, oraya da qaytarmaq arzusundadır