BAKI, 24 iyul - Sputnik. Rusiya hökuməti Rusiyaya dost olmayan ölkələr və ərazilər siyahısına əlavələr edib.
Siyahıya Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyən Qernsi və Men adaları, həmçinin Rusiya Bankı, Maliyyə Nazirliyi və bir sıra kredit təşkilatları ilə hər hansı əməliyyatlara qadağa qoyan Baham adaları yer alıb.
Sərəncam Prezidentin 2022-ci il 5 mart tarixli "Bəzi xarici kreditorlar qarşısında öhdəliklərin icrasının müvəqqəti qaydası haqqında" Fərmanının icrası məqsədi ilə təsdiq edilib. Bu barədə nazirlər kabineti məlumat yayıb.
İyulun 22-də Rusiya hökuməti dost olmayan dövlətlər siyahısını genişləndirərək Xorvatiya, Slovakiya, Sloveniya, Yunanıstan və Danimarkanı da daxil edib. Rusiya hakimiyyəti bunu dövlətlərin Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı yönəlmiş qeyri-dost hərəkətləri ilə izah edib.