İQTİSADİYYAT

Kəndlərdə qonaqlara kirayə verilən evlərin sayı artırılacaq

İlkin olaraq kənd yerlərinin turizm potensialının reallaşdırılmasına dair Tədbirlər Planı həyata keçiriləcək.
Sputnik
BAKI, 24 iyul — Sputnik. Turizm potensialı olan kəndlərdə "turistik kənd" konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması nəzərdə tutulur.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planı"nda əksini tapıb. İşin əsas icraçısı Dövlət Turizm Agentliyidir.
İlkin olaraq kənd yerlərinin turizm potensialının reallaşdırılmasına dair Tədbirlər Planı həyata keçiriləcək.
2023-2025-ci illərdə 8 kənddə turizm əlaqəli infrastruktur işlərinin görülməsi, ümumilikdə kəndlərdə qonaqlara kirayə verilən evlərin sayının 20% artması nəzərdə tutulub.
Qeyd edək ki, "Azərbaycanda "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.
Layihə KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə İsmayıllı rayonunun Buynuz, Xanagah, Topçu, Təzəkənd, Sumağallı kəndlərində, Lahıc qəsəbəsində həyata keçirilib.
Layihə çərçivəsində İsmayıllıda 15 kənd qonaq evi yaradılıb, 300 nəfərə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb.
Bununla da 15 ailədən olan 40 nəfərə yaxın qadının, gəncin məşğulluğu təmin edilib.
Yerli, xarici turistlərə qonaqlama xidməti göstərən kənd qonaq evləri sakinlərin gəlirlərinin artmasına, məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına öz töhfəsini verir.
CƏMİYYƏT
Ümidimiz bölgələrədir, orada da hər adam dincələ bilmir - Deputat