BAKI, 23 iyul — Sputnik. Balerina olmaq üçün fiziki cəhətdən sağlam olmaq ən vacib şərtlərdən biridir. Bundan başqa, bədən üzvlərinin ölçüləri də simmetrik olmalıdır.
Bu sözləri Əməkdar artist, Prezident mükafatçısı Cəmilə Kərimova deyib.
O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının aparıcı solisti, teatrın prima – balerinasıdır. Bundan başqa, “Humay” Milli Mükafatı və balet artistlərinin Q.Almaszadə adına I Beynəlxalq müsabiqəsinin Qran-pri mükafatçısıdır.
Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalına layiq görülmüş Cəmilə xanım 12 ildir teatrda çalışır. Balet artisti üçün vacib olan gözəl səhnə görkəminə və texnikaya, plastika və temperamentə malikdir. Teatrın repertuarında olan əksər milli və klassik balet tamaşalarında bir çox mürəkkəb partiyaları yüksək professionallıqla ifa edir.
Prima – balerina Cəmilə Kərimova
© Photo : courtesy of Jamilya Kerimova
Prima – balerina bildirir ki, peşəkar balerina olmaq üçün 10 yaşından gec olmayaraq bu işə başlamaq lazımdır. O, özü də belə edib:
"Mən 10 yaşında xoreoqrafiya məktəbinə getdim. Əgər uşağın sağlamlığında, fiziki görünüşündə cüzi problemlər olsa, həmin uşağı xoreoqrafiyaya qəbul etmirlər. Əl-ayaq uzun olmalıdır, başı böyük olmamalıdır. Bir sözlə, insanın bütün bədən üzvləri standart olmalıdır. Düzdür, deyə bilərsiniz ki, uşaq yaşlarında onun fiziki qüsurlarını necə görmək olar? Amma bu sahə ilə məşğul olanlar onu öncədən görə bilirlər”.
Balerina bildirir ki, fiziki cəhətdən sağlam olmaq kifayət etmir. Bu sahənin insanının yüksək musiqi duyumu olmalıdır:
“Musiqi duyumu olmayan insan üçün sənəti davam etdirmək çox çətin olar. Bundan başqa, uşağın bu sənətə həvəsi çox böyük olmalıdır. Valideynlər də ona bu sənətin ciddi bir iş olduğunu başa salmalıdırlar. Özfəaliyyət səviyyəsində bu sənətlə məşğul olsan, heç bir nəticə əldə edə bilməzsən. İnsanın sevgisi o qədər böyük olmalıdır ki, bu sənətin çətinliyinə dözə bilsin. Çünki, digər məktəblərdə dəsrlər saat 2-də bitirsə, bizdə 8:30-da başlayır, 5-ə, 6-ya qədər davam edir”.
Sənətinin vurğunu olan balerinanın fikrincə, bu sənətə gələn adam bilmədir ki, o, maksimum 1 gün istirahət edə bilər. İkinci gün artıq məşqinə davam etməlidir. Əks halda, uzun illərin əziyyəti bata bilər. Bundan başqa, daim formada olmaq da baletin ən vacib şərtlərindən biridir. Cəmilə xanım pandemiya dönəmində belə, məşqsiz qalmayıb:
“Pandemiya dönəmində hər gün evdə məşq edirdim. Həmkarlarımla danışırdıq, onlar da bu dönəmdə çox çətin də olsa, məşq edirdilər. Pandemiyadan qayıdandan sonra gördük ki, bədənimiz sanki sıxılıb. Çünki, balaca məkanda məşq edirdik, hər kəsin evdə məşq etmək üçün əlverişli şəraiti yox idi. Buna baxmayaraq, biz əvvəllki vaxtımıza qayıda bildik. Hətta teatrı yeni premyera ilə açdıq”.
Prima – balerina Cəmilə Kərimova
© Photo : courtesy of Jamilya Kerimova
Cəmilə xanımın çəkisi 48 kq-dır. Dediyinə görə, baletlə məşğul olan qadınların çəkisi 50 kq-dan artıq olmaz. Bu peşənin sahibi həm zərif, həm də güclü olmalıdır. Bu balansı qoruyub saxlamaq üçün qida rasionunda vitaminli ərzaqlara üstünlük verməlidir:
“Mən heç vaxt pəhriz saxlamıram. Çünki, istənilən halda pəhriz edəndə orqanizm zəifləyir. Həmişə bol vitaminli yeməklər yeyirəm. Qida rasionumda ət mütləq olur. Əks halda, tamaşanın öhdəsindən gələ bilmərəm. Ciddi pəhriz saxlasam nə məşqə, nə də tamaşaya taqətim çatacaq. Amma axşamlar yemirəm. Bunu hər kəsə tövsiyə edirəm. Sağlamlığımız üçün bunu etməliyik”.
Müsahibimizin sözlərinə görə, elə bir səhnə adamı tapılmaz ki, tamaşa vaxtı tamaşanın mizanını və ya sözlərini unutmasın. Həmin an professionallıq sənətçinin dadına çatır:
“Bir dəfə “Leyli və Məcnun” tamaşası vaxtı bir anlıq sanki hər şeyi unutdum. Fikirləşdim ki, “mən haradayam, nə edirəm?” Həmin vaxt mənə tərəf müqabilim kömək etdi. Bu o hissə idi ki, mən həmişə tərəf müqabilimə "indi bu hərəkəti etməliyik" deyirdim. Mənə elə gəldi ki, bu 6-7 dəqiqə çəkdi. Sonradan videoya baxanda gördüm, bu an 1 saniyə çəkib. Balet digər sənətlərdən fərqli olaraq daha çox məşq tələb edir. Bir səhnənin alınması üçün biz dəfələrlə məşq edirik. Səhnədə 1 dəfə göstəririk, məşqdə həmin hərəkəti min dəfə edirik. Ola bilər ki, sənətçi səhnədə yıxıla bilər. Çoxsaylı məşqlərin sayəsində o tez yerindən qalxıb tamaşasını davam etməlidir”.
Həmsöhbətimiz qeyd edir ki, balet sahəsi ilə məşğul olan hər kəs öz formasını saxlamaq məcburiyyətindədir. Bu sahə ilə məşğul olan insanlar üçün heç bir arqument qəbul olunmur:
“Bizdə elə xanımlar var, 2, 3 övladı var. Onlar hamiləlik dönəmində digər insanlar kimi analıq məzuniyyətinə gedirlər. Məzuniyyətdən sonra əvvəlki forması ilə səhnəyə qayıdırlar. Çünki, buna məcburdurlar. Tamaşaçıya maraqlı deyil, səhnədəki qadın neçə dəfə ana olub. O, tamaşaya gəlib ki, zövq alsın. Təbii ki, biz də insanıq, bizim də problemlərimiz olur. Amma bütün problemlər səhnəyə qədərdir. Səhnədə artıq Cəmilə olduğumu unuduram. Əks halda, heç cür tamaşa uğurlu ola bilməz. Bəzən fasilə vaxtı kulisdə kimsə söz deyir, sanki mən o sözü eşitmirəm. Çünki həmin an mən Cəmilə olmuram. Sabah tamaşam olacaqsa, artıq gecədən obraza daxil oluram. Tamaşadan sonra belə, Cəmilə ola bilmirəm ”.
Prima – balerina Cəmilə Kərimova
© Photo : courtesy of Jamilya Kerimova
Yaratdığı obrazların hər birinin ona övladı qədər əziz olduğunu vurğulayan müsahabimiz qeyd edir ki, özünü baletdən başqa sahədə təsəvvür etmir:
“Mən heç vaxt “işə gedirəm” demirəm, “teatra gedirəm” deyirəm. Sənətimi çox sevirəm, başqa sahəyə getsəm, özümə xəyanət etmiş olaram. Ona görə də bu sahəni elmi tərəfdən də inkişaf etdirirəm. Balet elə sənətdir ki, bir müddət sonra məcburən ondan ayrılmalı olacağam. Sənətdən ayrıldıqdan sonra müəllim kimi fəaliyyət göstərmək istəyirəm”.
10 ildən artıqdır bu sənətdə olan balerina özünü xoşbəxt insan hesab edir. Sənətinə olan sevgisi günbəgün daha da artır:
“Məşqdən evə gələndə yolda da balet haqqında videolara baxıram. Həmişə dünya şöhrətli balet ifaçılarını izləyirəm. Balet dünyasında hər gün bir yenilik olur, onlarla maraqlanıram. Öz-özümü motivasiya edirəm. Kənardan mənə nə qədər də desələr ki, “hər şey yaxşı olacaq” bu, mənə təsir etməz. Gərək mən öz-özümü ruhlandırım. Düşünürəm ki, mənim ruhdan düşməyə haqqım yoxdur".
Cəmilə Kərimova Azərbaycanın ilk balerinası, baletmeyster Qəmər Almaszadənin hansı çətinliklərlə bu sənətə gəldiyini, hansı baryerləri aşaraq bu sahəni inkişaf etdirdiyini də unutmur:
"O qadın bizim üçün bir örnəkdir".