BAKI, 23 iyul — Sputnik. "Risk qrupuna daxil olan vətəndaşlara gigiyenik qaydalara ciddi şəkildə əməl etmələrini tövsiyə edirəm". Bu sözləri Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Nazirliyin rəsmi saytına müsahibəsi zamanı deyib.
Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir:
- Afaq xanım, bildiyiniz kimi, son zamanlar koronavirusa yoluxma halında artım müşahidə olunur...
- Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının hələ də bitmədiyini və ötən ayla müqayisədə dünyada koronavirusa yoluxma halının təxminən 30 faiz artdığını açıqlayıb. ÜST ABŞ və Avropada "Omikron" ştammının yeni növlərinin üstünlük təşkil etdiyini bildirib. Ekspertlərin fikrincə, məhdudlaşdırıcı tədbirlərin ləğv edilməsi səbəbindən hazırda Asiya, Latın Amerika, Yaxın Şərq və Avropanın 110 ölkəsində epidemioloji vəziyyət qənaətbəxş deyil. Yoluxma hallarının yüksək olduğu bəzi ölkələrdə karantin rejiminə keçid tətbiq edilərək, qapalı məkanlarda qoruyucu maskalardan istifadə, sosial məsafənin qorunması və s. kimi qaydalara yenidən əməl edilir. ÜST dünya ölkələrinə qoruyucu maskalardan istifadə və digər qaydalara riayət etməyi tövsiyə edir.
Afaq Əliyeva
© Sputnik / Murad Orujov
- "Omikron"un yeni mutasiya olunan növü hazırda dünyada sürətlə yayılır. ÜST bununla bağlı məlumat yayımladı...
- Ötən ayın sonunda Hindistanın bəzi bölgələrində "Omikron"un yeni alt növü müəyyən edilib. Böyük Britaniya, ABŞ, Avstraliya, Almaniya, Niderland, Kanada və s. ölkələrdə artıq yeni növ aşkarlanıb. Əlamətləri barədə ilkin məlumat hələ ki yoxdur, bu istiqamətdə araşdırmalar aparılır. "Omikron"un əlamətlərinə isə baş və boğaz ağrısı, əzələlərdə, oynaqlarda ağrılar, yüksək hərarət daxildir. İybilmə, dadbilmə qabiliyyəti adətən itmir. Pnevmoniya yaratmaq qabiliyyəti isə "Delta"ya görə daha aşağıdır. Qeyd edim ki, "Omikron" ştammının mənfi cəhəti onun "Delta"ya nisbətən daha sürətlə yayılma xüsusiyyətinə malik olmasıdır.
- Ölkəmizdə də son günlər virusa yoluxmada artım müşahidə olunur. Bəzi mütəxəssislər 65 yaşdan yuxarı və yanaşı xəstəlikləri olan şəxslərə diqqətli olmalarını bildirirlər. Siz risk qrupuna daxil olan insanlara nə tövsiyə edərdiniz?
- İki ildən artıq davam edən pandemiya müddətində ölkədə fəaliyyət göstərən səhiyyə qurumlarının COVID-19 infeksiyası ilə mübarizə tədbirləri nəticəsində virusun ölkə əhalisinin sağlamlığına mənfi təsiri minimum həddədir. Hazırda COVID-19-a yoluxmuş insanların bir çoxunda xəstəlik əsasən yüngül formada keçir. Amma risk qrupuna daxil olanlar şəxslərdə xəstəlik nisbətən ağır keçə bilər. Ona görə bu vətəndaşlara tövsiyə edirəm ki, gigiyenik qaydalara ciddi şəkildə əməl etsinlər, koronavirusun ilkin simptomlarını hiss etdikləri təqdirdə dərhal sahə həkimi ilə əlaqə saxlasınlar. Eyni zamanda, sosial məsafəni qorumağı, ictimai yerlərdə isə qoruyucu maska və antiseptik məhsullardan istifadə etməyi unutmasınlar. Həmçinin zərurət yaranmadığı halda qapalı məkanlardan mümkün qədər uzaq olmağı məsləhət görürəm.