BAKI, 23 iyul - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Afrika ölkələrinə 5 günlük turneyə çıxır. Bu barədə Rusiya mətbuatı xəbər yayıb.
Rusiyalı nazir Misir, Efiopiya, Uqanda və Konqo Respublikasına işgüzar səfərlər edəcək, burada beynəlxalq və regional gündəliyi, ikitərəfli əməkdaşlığı müzakirə edəcək.
Bölgəyə səfərini açıqlayan Lavrov ölkə KİV-lərinə müsahibəsində bildirib ki, Rusiya SSRİ dövründən bəri Afrika ilə uzunmüddətli və yaxşı münasibətlərə malikdir və son illərdə Moskva bu məsələdə öz mövqeyini fəal şəkildə bərpa edir və afrikalılar da buna qarşılıqlı cavab verirlər.
Turne region üçün əlamətdar hadisə fonunda baş tutacaq: bir gün əvvəl İstanbulda çoxdan gözlənilən “taxıl sazişi” əldə olunub – Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Rusiyanın Ukrayna taxılının ixracına yardımı ilə bağlı sənədlər imzalanıb.
Qeyd olunur ki, Lavrovun əvvəlki böyük “Afrika turu” 2018-ci ildə baş tutub - nazir Anqola, Namibiya, Mozambik, Efiopiya və Zimbabveyə səfər edib.
RUSİYA-AFRİKA ZİRVƏ GÖRÜŞÜ
Lavrovun "Afrika" turnesinin başlamasına bir neçə gün qalmış ikinci Rusiya-Afrika sammitinin tarixi və yeri ilə bağlı müəyyənləşib. Nazir müsahibəsində bildirib ki, sammit 2023-cü ildə baş tutacaq. Bunu ertəsi gün Rusiya Federasiyasında sammitə hazırlıq üzrə təşkilat komitəsinin yaradılması barədə prezidentin sərəncamı dərc olunub.
Təşkilat komitəsinə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov rəhbərlik edəcək.
Forumun keçirilmə yeri və dəqiq tarixləri üzərində hələ də iş aparılır. Sammitə hazırlıq çərçivəsində Rusiya-Afrika formatında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Lavrov onu da bildirib ki, sammitlə paralel olaraq iqtisadi forum da keçiriləcək - ticarət, enerji, kibertəhlükəsizlik, kənd təsərrüfatı, kosmos, nüvə enerjisi üzrə dəyirmi masalar təşkil olunacaq.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, qitə ilə əlaqələrin bərpasına baxmayaraq, Moskva əməkdaşlığın həcmini artırmağa davam etməlidir:
“Afrika bir milyard 400 milyon insan deməkdir... Və yəqin ki, ən perspektivli bazardır. Ona görə də uzaqgörən şirkətlər, uzaqgörən dövlətlər, təbii ki, Afrikanın gələcəyin qitəsi olduğuna əsaslanaraq bura üçün uzunmüddətli strategiya qururlar”, deyə Lavrov vurğulayıb.