SƏHİYYƏ

Sığorta hesabına göstəriləcək tibbi xidmətlərin sayı 2800-ə çatdırılacaq

2026-cı ilədək İcbari Tibbi Sığorta Fondu tərəfindən maliyyələşdirilən tibbi xidmətlərin sayının artırılması planlaşdırılır.
Sputnik
BAKI, 22 iyul — Sputnik. 2026-cı ilədək İcbari Tibbi Sığorta çərçivəsində maliyyələşdirilən tibbi xidmətlərin sayı 2800-ə çatdırılacaq.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapıb.
Sənəddə qeyd edilib ki, hazırda İcbari Tibbi Sığorta Fondu tərəfindən maliyyələşdirilən tibbi xidmətlərin sayı 2550-dir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ilədək İcbari Tibbi Sığorta Fondu tərəfindən maliyyələşdirilən tibbi xidmətlərin sayının 2800-ə çatmasını təmin etməlidir.
Xatırladaq ki, hazırda "Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri" cədvəlinə ümumilikdə 2550 sayda tibbi xidmət daxildir. Sığortaolunan tibbi göstərişi olan hallarda Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.
Qeyd edək ki, hər il agentlik vətəndaşların tibb müəssisələrinə müraciətlərini araşdırır, ən çox rast gəlinən xəstəlikləri, ən çox müraciət edilən tibbi xidmətləri və Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərə ehtiyacları müəyyənləşdirir. Bütün bunların nəticəsində də Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi ilə bağlı əsaslandırılmış təklifin təqdim olunması barədə qərar verilir.