RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN: ABŞ-ın 4 HIMARS raket sistemi məhv edilib

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, ötən gün ABŞ Müdafiə Nazirliyi Ukraynaya 4 əlavə HIMARS sisteminin göndəriləcəyini bəyan edib.
Sputnik
BAKI, 22 iyul — Sputnik. Rusiya qüvvələri iyulun 5-dən 20-dək Ukraynada ABŞ-ın tədarük etdiyi 4 HIMARS raket sistemini məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) məlumatında bildirilib.
"ABŞ istehsalı (HIMARS) yaylım atəş sistemi üçün 4 raket daşıyıcı və bir yükləyici texnika məhv edilib", - Rusiya MN-in gündəlik brifinqində bildirilib.
Qeyd edək ki, ötən gün ABŞ Müdafiə Nazirliyi Ukraynaya 4 əlavə HIMARS sisteminin göndəriləcəyini bəyan edib. Müdafiə naziri Lloyd Ostin Ukraynaya göndəriləcək yeni sistemlərin növbəti yardım paketinə daxil ediləcəyini açıqlayıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.