BAKI, 22 iyul — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna limanlarından taxıl ixracına dair sazişin əhəmiyyətini şərh edib.
Peskov jurnalistlərə Rusiya prezidentinin Tehranda verdiyi bəyanatı yenidən oxumağı təklif edib.
"Putin deyib ki, yaxınlaşan ərzaq böhranı fonunda dünya bazarlarına - gübrə, ərzaq və taxıl tədarük yollarının açılması çox vacibdir", - o, brifinqdə deyib.
İyulun 13-də İstanbulda Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələrinin, eləcə də Rusiya, Türkiyə və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Ukrayna taxılının Qara dəniz limanlarından çıxarılması ilə bağlı ilk danışıqlar keçirilib.
Görüşdən sonra BMT-nin baş katibi Antonio Quterreş Ukrayna taxılının tədarükünün bərpasına dair danışıqların "son dərəcə ümidverici" olduğunu, lakin yekun razılığın olmadığını bildirib.
İyulun 22-də İstanbulda Ukrayna taxılının Qara dəniz limanlarından daşınmasına dair sazişin imzalanacağı gözlənilir. Bunun üçün ora Rusiyanın müdafiə naziri Sergey Şoyqu gəlib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.