BAKI, 22 iyul - Sputnik. “Taxıl məsələsi” ilə bağlı sənəd cümə günü İstanbulda imzalanacaq. Rusiya KİV-lərinin Türkiyə prezident administrasiyasına istinadən verdiyi xəbərə görə, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreş iştirak edəcəklər.
"Mərasim saat 16:30-da Dolmabaxça ofisində baş tutacaq. Prezident Ərdoğan və BMT-nin baş katibi orada iştirak edəcək", - deyə administrasiyadan bildirilib.
Qeyd edək ki, BMT baş katibi nümayəndəsinin müavini Farahan Haq məlumat verib ki, BMT-nin baş katibi Antonio Quterreş İstanbula səfər edəcək.
Onun sözlərinə görə, səfər Ukrayna və Rusiyadan taxılın, eləcə də Rusiyadan gübrələrin ixracı ilə bağlı razılığın əldə edilməsi səyləri çərçivəsində həyata keçiriləcək.
“BMT-nin baş katibi Ukraynanın ərzaq və Rusiya məhsulları və gübrələrinə qlobal çıxışı təmin etmək səyləri çərçivəsində bu gecə İstanbula səfər edəcək”, - deyə Haq bildirib.