BAKI, 22 iyul — Sputnik. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) mina və partlamamış sursatlarla çirklənmiş ərazilərin nişanlanması üçün 500 ədəd mina xəbərdarlıq nişanı verib.
Bu barədə BQXK-dan məlumat yayıb.
Qeyd olunub ki, döyüşlərin sona çatmasına baxmayaraq Azərbaycanda münaqişənin təsirinə məruz qalmış ərazilərdə mina və partlamamış sursatlarla çirklənmiş ərazilər qalmaqdadır. Belə ərazilərdə xüsusi xəbərdarlıq nişanlarının olmaması yaxınlıqda yaşayan insanlar və ətraf rayonlardan gələn qonaqlar üçün çox böyük çətinliklər yaradır.
BQXK-nın Silahlarla Çirklənmiş Ərazilərlə İş üzrə Proqramının koordinatoru Bişnu Mahat deyib ki, mütəxəssis olmayan şəxslər üçün mina və ya partlamamış sursatlarla çirklənmiş əraziləri tanımaq heç də hər zaman mümkün deyil. Buna görə də təhlükəli zonaya daxil olma haqda insanları xəbərdar etmək, zərər çəkən şəxslərin sayını azaltmaq, insanların həyatlarını xilas etmək üçün çirklənmiş ərazilərdə xəbərdarlıq nişanlarının olması çox vacibdir. Lakin, xəbərdarlıq nişanlarının quraşdırılması risklərin azaldırlması istiqamətində görülən işlərdən biridir. Ən önəmli məsələ insanların bu nişanlara diqqətlə yanaşmasıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, müəyyən ərazilərdə xəbərdarlıq nişanlarının olmaması, heç də həmin ərazilərin təhlükəsiz olması anlamına gəlmir.
Xəbərdarlıq nişanlarının verilməsi BQXK-nın Azərbaycanda həyata keçirdiyi Risklər və Təhlükəsiz Davranış Proqramının bir hissəsidir. Proqramın məqsədi ANAMA və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə mina və partlamamış sursatların təhlükəsi haqqında insanlar arasında maarifləndirilmənin aparılmasıdır. Həmçinin, qeyd edilən proqramda müxtəlif fəaliyyətlər həyata keçirilir. Bura müxtəlif əmək fəaliyyətləri ilə məşğul olan şəxslərlə, o cümlədən, çobanlarla, tikinti və sosial sahənin işçiləri, müəllimlərlə aparılan risklər haqqında maarifləndirmə sessiyaları, yerli icmalarda sakinlərin evlərində həyata keçirilən sessiyalar, uşaqlarla məktəblərdə keçirilən fəaliyyətlər və interaktiv teatr səhnəcikləri, texniki işçilər üçün təlimlər və mina qurbanları üçün dəstək daxildir.
İl başlayandan bəri həyata keçirilən maarifləndirmə sessiyaları Azərbaycanda 5337-dən çox insanı əhatə edib.