AZƏRBAYCAN XƏBƏRLƏRİ

Allahşükür Paşazadə Gürcüstanın Baş naziri ilə görüşüb

İrakli Qaribaşvili Şeyxülislam Allahşükür Paşazadə ilə keçirdiyi görüşdə bildirib ki, Gürcüstan Azərbaycanla mövcud olan qardaşlıq və dostluğu yüksək qiymətləndirir
Sputnik
BAKI, 22 iyul — Sputnik. Bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Görüşdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, Azərbaycan Gürcüstanın yalnız qonşusu deyil, həm də qardaş xalq və dost dövlətdir. O, QMİ sədrini Gürcüstanda görməkdən şad olduğunu qeyd edərək ona böyük ehtiramını ifadə edib: "Bizim üçün sizi Gürcüstanda qəbul etmək böyük şərəfdir. Xatırlayıram, sizinlə bir neçə il öncə görüşmüşük, bizim çox yaxşı söhbətimiz olub. Şadam ki, bu gün siz Tbilisidə bizə yenidən baş çəkmisiniz".
Hökumət başçısının sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında bütün istiqamətlər üzrə yüksək nəticələr və konkret irəliləyişlər mövcuddur: "Bizim çox yaxşı münasibətlərimiz var və sizin səfəriniz bu qardaşlıq və sevginin sübutudur. Sizin II İlya həzrətləri ilə xüsusi dostluğunuzun olması məni xüsusilə sevindirir və sizin ona xüsusi ehtiramınızı da bilirəm".
Sözügedən görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Baş nazirinə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb: "Azərbaycanın dövlət başçısı sizi hər zaman xüsusi şəkildə xatırlayır, sizə böyük hörmət bəsləyir. Sizin yüksək səviyyəli münasibətləriniz xalqlarda, ölkələrdə özünü göstərir və bu, bizim üçün örnəkdir".
QMİ sədri baş nazirin Gürcüstan və Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərinin inkişafına verdiyi töhfəni xüsusilə vurğulayıb: "Dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik. Bizim əvvəlki görüşümüz səmimi və mehriban şəraitdə keçib. Mən siyasətçi deyiləm, lakin bunu mütləq qeyd etmək lazımdır ki, Qafqazda iki qonşu ölkə - Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi, mədəni, dini və digər istiqamətlərdə münasibətlər yüksək səviyyədədir".