BAKI, 21 iyul — Sputnik. "Xan qızı" adı ilə tanınan Xurşidbanu Natəvanın Milli Azərbaycan Tarixi Muzeyində qorunan əl işlərindən biri olan köynək bərpa edilir. Sözügedən köynək hazırda bərpa və konservasiya işlərinin aparılması məqsədi ilə muzeyin bərpa laboratoriyasına köçürülüb.
Qeyd edək ki, sözügedən köynək jurnalist Novruz Novruzlu tərəfindən muzeyə bağışlanıb. Jurnalist köynəyin tarixçəsi barədə Sputnik Azərbaycan-a söz açıb.
Əslən Şuşadan olan Novruz müəllimin sözlərinə görə, onun anası Qarabağ xanı Pənahəli xanın nəticəsi olub:
"Mənim ana tərəfim Cavanşir nəslindəndir. Atam da şuşalıdır. Anam Pənahəli xanın nəticəsidir. Pənahəli xanın oğlu İbrahibxəlil ağanın 5-ci oğlu Səfiqulu ağanın 8 oğlu olub, bir qızı. Mənim babamın atasının vaxtsız ölümündən sonra Xurşidbanu Natəvan onu və digər qardaşını övladlığa götürüb, onlara təhsil verib. Sonra babam dayısı qızı ilə evlənib. Daha sonra dayısının evində məktəb açıb".
Müsahibimizin sözlərinə görə, Xurşidbanu Natəvan haqqında danışılan geyimi öz əmisi nəvəsi Münəvvər xanım üçün tikib:
"Münəvvər xanımın oğlu nənəm Ağcabəyimlə evlənəndə o köynəyi gəlininə hədiyyə edib. Ağcabəyim nənəm də o paltarı böyük xalam Şəhlaya hədiyyə edib. O vaxt Ağdamda ikiillik pedaqoji institutda oxuyanda o köynəyi geyinib. Köynəyin üzərində 4 brilyant qaş olub. Sonralar o qaşlar hara oldu, bilən olmadı. Xalam o köynəyi mənə verdi. Köynək biraz süzülmüşdü".
Novruz müəllimin nənəsi deyirmiş ki, Natəvan həmin köynəyin parçasını Çindən gətirdib. Bir çox tarixi əşyaları öz evində qoruyan həmsöhbətimiz 2015-ci ildə köynəyi Tarix Muzeyinə vermək qərarına gəlib:
"Düşündüm ki, artıq bunu saxlamağın mənası yoxdur. Bizdə tarixi əşyalar çox olub. Məsələn, fərməş (Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir) var idi, onu da Tarix İnsitutuna verdim. Əvvəllər istəyirdim evdə muzey yaradım. Amma Ağdam rayonu işğal olundu. Arzularımı reallaşdıra bilmədim".
Xan qızının mirasını uzun illər qoruyan Novruz müəllim deyir ki, ötən əsrin 80-ci illərində həmin köynəkdə olan naxışlar dəbdə olub:
"Köynək boğaza qədər bağlıdır. Diqqət etsəniz, görərsiniz ki, köynəyin sinə hissəsində yumru naxışlar var. Naxışların altında tül materialından örtük var. 80-ci illərdə belə bir dəb var idi. Qadınlar tülün üzəri naxışlarla bəzənmiş paltarlar geyinirdi. Çox maraqlıdır ki, həmin dəb 100 ildən sonra qayıtmışdı".
Qeyd edək ki, Qarabağ incilərindən olan eksponatın tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq, bərpa və konservasiya işləri zamanı eksponatın heç bir hissəsi demontaj edilməyəcək. Belə bir üsul bərpanı yetərincə çətinləşdirsə də, Xurşidbanu Natəvanın əl işinin tam orijinallığı qorunacaq. Bərpa və konservasiya işləri yekunlaşdıqdan sonra eksponat ictimaiyyətin diqqətinə təqdim ediləcək.
Xatırladaq ki, eksponatın konservasiya və bərpa işləri muzeyin tekstil üzrə bərpaçı-rəssamı Nuridə Hüseynova tərəfindən icra olunur.