BAKI, 21 iyul — Sputnik. Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.
Qeyd edək ki, Rövşən Nəcəf Çingiz oğlu 1982-ci il aprelin 9-da Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib.
2007-2008-ci illərdə ARDNŞ-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.
Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlayıb. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb. 2008-2009-cu illərdə ARDNŞ-nın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.
2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf Nazirinin köməkçisi olub. 2010-2018-ci illərdə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri, 2019-cu il 28 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, 2020-ci il 11 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini, 2021 ci il 24 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti və SOCAR-ın prezidenti vəzifəsinin müvəqqəti icraçısı təyin edilib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 3-cü dərəcəli dövlət müşaviridir. Evlidir, 2 övladı var.