BAKI, 21 iyul — Sputnik. Amerikanın avtomobil istehsalçısı olan "Ford Motor" 4000-dən çox ofis işçisini ixtisar etməyi planlaşdırır. Bu barədə yaxın həftələrdə elan ediləcək. Bunu məlumatlı mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb.
Mənbələrin dediyinə görə, ixtisarlar "Ford"un istehsal müəssisələrinin işçilərinə təsir etməyəcək. Şirkət getdikcə elektromobillərin istehsalına üstünlük verdiyi üçün bu ixtisarlar, ilk növbədə, daxili yanma mühərrikləri olan avtomobillərin istehsalı ilə məşğul olan Miçiqan ştatının Dirborn şəhərindəki ofisin işçilərinə təsir edəcək.
Keçən ilin sonuna olan məlumata görə, "Ford"un Şimali Amerikada 43.000 işçisi olub.
Mənbələrin bildirdiyinə görə, "Ford" xərcləri azaltmaq üçün ixtisar etməyi planlaşdırır. Şirkət 2026-cı ilə qədər illik xərclərə 3 milyard dollar qənaət etməyi hədəfləyir.
"Ford"un səhmləri çərşənbə günü əlavə ticarətdə 0,2% dəyər itirib. Bu ilin əvvəlindən onların dəyəri 39% azalıb.