CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ən ağır dövrlərdə belə patriarx II İlya Azərbaycanın yanında olub - Şeyxülislam

Qafqaz Müsəlmanları İdarəsinin sədri Gürcüstan Patriarxı II İlya ilə görüşüb.
Sputnik
BAKI, 21 iyul — Sputnik. Azərbaycanın və Gürcüstanın dini liderləri Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması üçün çox mühüm işlər görüblər. Bizim ali dini rəhbərlərimiz arasındakı dostluq münasibətləri bütün dünya üçün örnəkdir.
Bunu Tbilisidə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Patriarxı II İlya ilə görüşdə söyləyib.
O qeyd edib ki, hələ sovetlər dövründə mövcud olmuş çox çətin şəraitdə belə QMİ ilə Gürcüstan Patriarxlığı arasında səmimi dostluq münasibətləri olub. Müəyyən çətinliklərə baxmayaraq, biz bu münasibətləri qoruyub saxlamışıq və daha da inkişaf etdirmişik. Bu gün təkcə dini liderlərimiz və idarələrimiz arasında deyil, ölkələrimiz arasında da siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimiz yüksək səviyyədədir.
QMİ sədri, həmçinin bildirib:

"Azərbaycan və Gürcüstan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı olaraq dəstəkləyir. Ən ağır dövrlərdə belə patriarx II İlya Qafqazın ağsaqqalı kimi Azərbaycanın yanında olub, Qarabağ münaqişəsi zamanı bizim mövqeyimizi dəstəkləyib. Patriarx II İlya, əslində, bununla haqqın, ədalətin tərəfində olduğunu sübut edib".

Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan xalqı bunu görür və yüksək qiymətləndirir.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İlyanın dəvəti ilə Gürcüstana səfərə gedib.
QMİ sədri Gürcüstanın dövlət rəsmiləri, hökumət və parlament rəhbərliyi ilə də görüşəcək.
İyulun 23-nə qədər davam edəcək səfər çərçivəsində Şeyxülislam A. Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda yaşayan soydaşlarımızla, din və ictimaiyyət xadimləri ilə görüşlər keçirəcək.