BAKI, 21 iyul — Sputnik. Türkiyə və Azərbaycan olaraq Cənubi Qafqazda dayanıqlı sülh istəyirik. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.
Türkiyə XİN rəhbəri ölkəsinin Ermənistanla münasibətlərinə də aydınlıq gətirib. Çavuşoğlu bildirib ki, bu sülh hər kəsə faydalı olmalıdır: "Bura Ermənistan da daxildir. Bu baxımdan Qarabağ zəfərindən sonra Azərbaycanın təklifləri, bəyanatları, bizim yanaşmamız ortadadır. Xüsusi nümayəndələr təyin etmişik. Onlar arasında da görüşlər davam etdirilir. Etimadı artıran addımlar atmışıq və bunlar davam etdirilir. Böyük dövlət olaraq bizim jest etməyimiz normaldır. Digər tərəfdən Azərbaycan və Ermənistan arasında görüşlər davam edir".
Çavuşoğlu Rusiyanın ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın Zəngəzur dəhlizinin önəmini artırdığını bildirib. O qeyd edib ki, Rusiya üzərindən yüklərin daşınması mümkün olmadığından indi bu dəhlizlə bağlı məsələlər aktuallaşıb. Nazir deyib ki, avqustun 2-də Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri və nəqliyyat nazirlərinin görüşü olacaq. O, belə bir oxşar görüşün bir müddət əvvəl Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat nazirləri arasında keçirildiyini xatıraldıb.