HADİSƏ

Bakıda faciəli şəkildə ölən qızlar nazirliyin əməkdaşının övladlarıdır

Nardaran qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysu Asəf qızı Abdullayevanın cəsədi də aşkar edilib.
Sputnik
BAKI, 21 iyul — Sputnik. Bakıda Xəzər dənizində vəzifəli şəxsin iki qızı boğularaq ölüb. Hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib. Belə ki, dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysu Abdullayevalar boğulub. Onların həyatını xilas etmək mümkün olmayıb.
Onlardan birinin cəsədi bu gün tapılıb. Belə ki, Sabunçu rayonunun Nardaran qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysu Asəf qızı Abdullayevanın cəsədi FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.
Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir.
Qeyd edək ki, iyulun 17-də Sumqayıtda ana və övladı dənizdə boğulub. Dənizdə övladının batdığını görən ana onu xilas etmək istəyib. Lakin ana da batıb.
Onların meyitləri sudan çıxarılıb.