BAKI, 21 iyul — Sputnik. Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi"ndə qeydiyyatdan keçən valideynlərin sayı açıqlanıb.
Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O qeyd edib ki, "Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi"ndə üç gün ərzində 14,000-dən çox valideyn qeydiyyatdan keçib.
Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.