BAKI, 21 iyul — Sputnik. Bu gün Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov dünyada ərzaq qiymətlərinin yüksəlməsinin ölkəmizdə qiymətlərə təsiri, ərzaq məhsullarının keyfiyyəti, eləcə də, istehlakçı hüquqlarının qorunması ilə bağlı Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə məlumat verib.
AİB sədri bildirib ki, Azərbaycan dünya bazarına inteqrasiya olunub. Bununla belə dünya bazarlarında qiymət qalxan kimi ölkəmizdə dərhal qiymətlər qalxsa da, dünyada qiymətlər enəndə Azərbaycan bazarı buna reaksiya vermir.
Birlik sədri ölkəmizdə kartel sövdələşmələrinin, inhisarçılığın olduğunu söyləyib. Onun sözlərinı görə, bu il ən çox qiymət artımı kənd təsərrüfatı məhsullarının qiymətlərində müşahidə edilir.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov
© Sputnik / Murad Orujov
E.Hüseynov qeyd edib ki, bu il kənd təsərrüfatı məhsullarının qiymətində 70 faiz civarında bahalaşma var:
"Mən bu il ilk dəfə idi ki, kartofun bir kiloqramını 2 manat 50 qəpiyə aldım. Bu il mövsüm meyvələrinin qiymətində də kəskin bahalaşma müşahidə olunur".
AİB sədri Bakıda meyvə-tərəvəzin baha olmasının səbəblərini izah edib. O bildirib ki, qiymətlərə təsir edən əsas amillərdən biri meyvənin becərilməsində istifadə edilən gübrənin bahalaşmasıdır.
E.Hüseynov qeyd edib ki, hazırda fərdi bağçılıq təsərrüfatları məhsullarının bazarda dəyəri yoxdur:
"Bu sahədə təmərküzləşmə prosesi gedir. Kəndli öz yetişdirdiyi meyvəni bazara çıxarda bilmir. Çünki onlar bazara aqrotexniki qulluq edilmiş, yeni üsulla yetişdirilən yüksək keyfiyyətli məhsul çıxarda bilmirlər. "Meyvəli" kimi təmərküzləşmə məntəqələri buna dəstək verir. Bu gün Bakıda satılan meyvə və tərəvəz məhsullarının qiyməti məhz bu məntəqədə formalaşır. "Meyvəli" ticarət mərkəzində satılan məhsulların qiyməti əsasında pərakəndə satışda qiymət təyin olunur".
Qurum rəhbəri deyir ki, Bakı ətrafında, Abşeron rayonlarında kənd təsərrüfatı təyinatlı torpaqların satılması, paytaxtı meyvə-tərəvəz baxımından rayonlardan asılı vəziyyətə qoyub:
"Vaxt vardı, Bakı və Abşeronun kəndləri paytaxtın meyvə-tərəvəzə olan tələbatının əsas hissəsini qarşılayırdı. Bələdiyyələr, icra hakimiyyətləri o torpaqları fərdi ev tikmək üçün insanlara satdılar. İndi Bakı ətrafında, Abşeron yarımdasında kənd təsərrüfatı təyinatlı torpaq qalmayıb ki, kənd təsərrüfatı məhsulları əkib-becərib paytaxtın tələbatını ödəsin. Ümid ancaq rayonlara qalıb. Rayonlardan kənd təsərrüfatı məhsullarının gətirilmə xərci, müxtəlif xərclər qiymətlərə təsir göstərir. Nəticədə Bakıda meyvə, tərəvəz baha qiymətə satılır".
Birlik sədri qeyd edir ki, vəziyyətdən çıxış yolu kooperasiyaların yaradılması, kəndlilərin gübrə və müasir aqrotexniki qulluq vasitələrinə əlçatanlığını artırmaqdır. O, işğaldan azad olunmuş ərazilərdə belə kooperativlərin yaranması hesabına gələcəkdə kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı enəcəyinə ümid bəsləndiyini bildirib.
Eyyub Hüseynov həmçinin supermarketlər şəbəkəsinin də qiymətlərə təsirindən danışıb. O bildirib ki, supermarketlər fərdi təsərrüfat sahiblərinə öz məhsullarını satmaq üçün mağazada satış yeri vermək üçün yüksək məbləğdə ilkin ödəniş tələb edirlər. Fermerlər isə bu xərclərini məhsulun üzərinə gəlirlər ki, nəticədə qiymətlər yüksəlir.
E.Hüseynov hazırda satışda keyfiyyətsiz ərzaq məhsullarının satıldığını, ticarət şəbəkələrində istehlakçıların aldadıldığına dair hər gün AİB-yə gün ərzində çoxsaylı şikayətlər daxil olduğunu söyləyib.