CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağciyərimizi yandıran səbəb - Meşələrə kim od vurur?

Yanğın təhlükəsizliyi etibarlı təmin edilmədiyinə görə cavabdeh şəxslər barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək inzibati tənbehvermə haqqında qərarlar qəbul edilib.
Sputnik
BAKI, 21 iyul — Sputnik. İsti havalarda meşələrdə yanğın hadisələri tez-tez törəyir. Bu günlərdə Şabranda meşədə baş vermiş yanğın bu hadisənin təkrarlanma riskinin olduğundan xəbər verir.
Bəs görəsən meşə yanğınlarının əsas səbəbi nədir? Sputnik Azərbaycan-ın suallarını Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin, Dövlət yanğın nəzarəti işinin təşkili şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev cavablandırıb.
- Meşə massivlərində yanğın hadisələrinin baş verməsinin qarşısını almaq üçün hansı tədbirlər görülür?
- Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisinin müvafiq əmri əsasında Xidmətin struktur bölmələrinin əməkdaşları tərəfindən yay mövsümü öncəsi respublika ərazisində meşə sahələrində yanğın-texniki müayinələr həyata keçirilib.
Müayinələrin nəticələri əsasında aşkar edilmiş yanğın təhlükəsizliyi qaydalarının pozulması hallarının aradan qaldırılması, xüsusi riskli ərazilərdə yanğına qarşı rejimin gücləndirilməsi və nəzarət tədbirlərinin artırılması məqsədilə meşə təsərrüfatı mərkəzləri, aidiyyəti yerli icra hakimiyyəti orqanları qarşısında məsələlər qaldırılmış və icrası nəzarətə götürülübdür.
Müayinələr zamanı aşkar edilmiş yanğın təhlükəsizliyi qaydalarının pozuntularına, eləcə də yüksəkgərginlikli elektrik hava xətləri keçən, avtomobil yolları və əkin sahələri ilə həmsərhəd ərazilərdə yanğın təhlükəsizliyi etibarlı təmin edilmədiyinə görə cavabdeh şəxslər barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək inzibati tənbehvermə haqqında qərarlar qəbul edilib.
FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin, Dövlət yanğın nəzarəti işinin təşkili şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev
Qeyd olunanlarla yanaşı bildiririk ki, 2021-ci il ərzində Xidmətin əməkdaşları tərəfindən respublikanın müxtəlif rayonlarında "Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları"nın tələblərinə zidd olaraq qadağan edilmiş fəaliyyət növünə daxil olan ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi faktları aşkar edilmiş, günahkar şəxslər barəsində müvafiq tədbirlər görülərək toplanmış materialar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
Eyni zamanda yuxarıda qeyd edilən müvafiq əmrin icrasının davamı olaraq əhali arasında Xidmətin əməkdaşları tərəfindən geniş miqyaslı maarifləndirmə tədbirləri həyata keçirilmiş, KİV-nin köməyindən istifadə olunaraq daha böyük auditoriyanın əhatə olunması təmin edilib.
- Meşə ərazilərində yanğınların baş verməsinin əsas səbəbi nədir?
- Meşə ərazilərində baş vermiş yanğın hadisələrinin araşdırmalarının nəticələri, yanğın hadisələrinin başverməsində başlaca səbəb kimi antropogen amillərin dayandığını səsləndirməyə əsas verir. İnsanların meşə ərazilərindən istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozması (nəzarətsiz ocaqların, tonqalların yandırılması, meşə ərazilərində siqaret çəkilməsi, ərziyə tezalışan mayelərə bulaşmış parça qalıqlarının atılması, yandırılmış ocaqların söndürmədən və ya buna əmin olmadan ərazilərin tərk edilməsi, meşə ərazisindən keçərkən avtomobildən söndürülməmiş siqaret kötüyünün atılması və s.) nəticəsində yanğın hadisələri baş verir.
Qeyd olunanlarla yanaşı bildiririk ki, hazırda dünyada cərəyan edən qlobal istiləşmə ölkəmizdə də özünü biruzə verməkdədir. İsti havaların üstünlük təşkil etdiyi dövr yanğın təhlükəsizliyi baxımından riskli olduğunu nəzərə alsaq, bu dövrdə vətəndaşların yanğın təhlükəsizliyi qaydalarının pozulması hallarına yol vermələri, qaydaların tələblərinə laqeyid və etinasız yanaşmaları yanğınların başvermə riskini daha da artırır.
- Əkin sahələrinin yandırılması nə dərəcədə yanğınların baş verməsində rol oynayır?
- Əkin sahələrinin yandırılması bir qayda olaraq yolverilməzdir. Bu cür hadisələr meteoroloji amillərin təsirindən başqa ərazilərə yayılaraq yanğınların daha geniş əraziləri əhatə etməsinə səbəb olur. Son günlərdə Şabran rayonu ərazisində meşə sahələrində baş vermiş yanğın hadisələrinin səbəblərinin ibtidai araşdırılması zamanı mövcud vəziyyət əkin sahələrinin yandırılması səbəbindən meşə ərazilərinin yanğına məruz qalması qənaətinə gəlməyə əsas verdi.
Hava şəraitini nəzərə almağı, ərazinin yanğına qarşı vəziyyətini qiymətləndirməyi bacarmayan vətəndaş əkin sahəsini müxtəlif tədbirlər adı altında yandırmaqla digər ərazilərə, həmçinin meşə sahələrinə ciddi yanğın təhlükəsi yaradırlar.
Məlumat üçün bildiririk ki, 2022-ci ilin ötən dövründə açıq və əkin sahələrinin qəsdən yandırılması üzrə əməkdaşlarımız tərəfindən 3 fakt aşkar edilərək şəxslər barəsində müvafiq tədbirlər görülmüş və həmin şəxslər toplanmış materiallarla birgə hüquq- mühafizə orqanlarına təhvil verilmişdir.
- Qanunvericiliklə təsərrüfat sahiblərinin eləcə də meşələrdə dincələn şəxslərin ehtiyatsızlıqdan yanğına səbəb olmaları zamanı hansı inzibati tədbirlər görülür?
- Yanğın təhlükəsizliy haqqında Azərbaycan Respublikası Qanununun 6-cı və 7-ci maddələrinin tələblərinə əsasən yanğın təhlükəsizliyi qaydalarına riayət etmək bütün fiziki, vəzifəli və hüquqi şəxslərin vəzifə borclarına aid edilmişdir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması zamanı fiziki, vəzifəli və hüquqi şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsində nəzərdə tutulan inzibati tədbirlər tətbiq edilir.
Üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs və ya şəxslər tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda onların əməlləri artıq cinayət məsuliyyətinə səbəb olur.
Odur ki, vətəndaşlarımıza özlərinin həyat və sağlamlığının, eləcə də əmlaklarının yanğından qorunması, həmçinin bu istiqamətdəki hüquqi məsuliyyətin yükündən azad olmaları üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini onlara tövsiyə edirik.