CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Xan qızı"nın köynəyi bərpa edilir

Xurşidbanu Natəvanın əl işinin tam orijinallığı qorunacaq. Bərpa və konservasiya işləri yekunlaşdıqdan sonra eksponat ictimaiyyətə təqdim ediləcək
Sputnik
BAKI, 20 iyul — Sputnik. "Xan qızı" adı ilə tanınan Xurşidbanu Natəvanın Milli Azərbaycan Tarixi Muzeyində qorunan əl işlərindən biri olan köynək bərpa edilir.
Bu barədə Milli Tarix Muzeyindən məlumat verilib.
Qeyd olunub ki, sözügedən köynək hazırda bərpa və konservasiya işlərinin aparılması məqsədi ilə muzeyin Bərpa laboratoriyasına cəlb olunub. Qarabağ incilərindən olan eksponatın tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq, bərpa və konservasiya işləri zamanı eksponatın heç bir hissəsi demontaj edilmədən aparılacaq.
Belə bir üsul bərpanı yetərincə çətinləşdirsə də, Xurşidbanu Natəvanın əl işinin tam orijinallığını qoruyacaq. Bərpa və konservasiya işləri yekunlaşdıqdan sonra eksponat ictimaiyyətə təqdim ediləcək.
Xatırladaq ki, eksponatın konservasiya və bərpa işləri muzeyin tekstil üzrə bərpaçı-rəssamı Nuridə Hüseynova tərəfindən icra olunur.
Qeyd edək ki, bu il prezident İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu Natəvanın 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.