BAKI, 20 iyul — Sputnik. Əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə qərar Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılıb.
Məlum olub ki, teatrın dövlətə 150 min manatdan çox vergi borcu yaranıb. Dövlət Vergi Xidməti tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub.
Dövlət Pantomima Teatrının səlahiyyətli şəxsi Elman Rəfiyev olduğu üçün onun Azərbaycan sərhədlərindən kənara çıxışı müvəqqəti məhdudlaşdırılıb.
Məsələ ilə bağlı Elman Rəfiyevlə əlaqə saxladıq. Əməkdar artist bildirir ki, onların heç bir vergi borcu yoxdur:
"Sadəcə olaraq, Dövlət Vergi xidməti bizim borclarımızı yalnış hesablayıb. Biz bununla bağlı dəfələrlə vergi orqanlarına müraciət etmişik, amma onlar bizimlə görüşməyi rədd edir. Eyni problemlə digər müəssisələr də rastlaşır. Bunun səbəbi odur ki, bu qurum işini düzgün yerinə yetirmir".
Qeyd edək ki, Elman Rəfiyev 2009-cu ildən Dövlət Pantomima Teatrının direktorudur.