BAKI, 20 iyul — Sputnik. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, ötən müddət ərzində təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzləri tərəfindən Vətən müharibəsinin 11 min iştirakçısına reabilitasiya və sosial-psixoloji dəstək göstərilib.
Nazir qeyd edib ki, əzalarını itirmiş qəhrəmanların 200-nə ən müasir 4-cü nəsil elektron tam funksional protezlər qoyulub. Ötən dövr ərzində 21 min reabilitasiya vasitəsi müharibə əlillərinə təqdim olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzləri yaradılıb.
Bu mərkəzlərdə şəhid ailələrinə, müharibədə yaralanmış hərbi qulluqçulara 6 mərkəzi icra hakimiyyəti orqanı və müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən 26 istiqamətdə xidmətlər "bir pəncərə"dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilir.
Ötən il avqustun 23-dən Bakıdakı DOST mərkəzlərində, noyabrın əvvəlindən Abşerondakı DOST mərkəzində, dekabrın 24-dən isə 19 rayon və şəhəri də əhatə etməklə üç bölgədə işə başlayan regional vahid əlaqələndirmə mərkəzlərində 8500 şəxsə xidmətlər göstərilib.