SƏHİYYƏ

Nabranda istirahət mərkəzində 10 nəfər zəhərlənib - Polis araşdırma aparır

Zəhərlənənlər təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Sputnik
BAKI, 20 iyul — Sputnik. Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.
Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar:
"11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir".
Xatırladaq ki, bundan əvvəl Göyçay rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub.
Axşam saat 20:00 radələrində məclis iştirakçılarından təxminən 15 nəfərin halı qəfildən pisləşib.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətindən də hadisə ilə bağlı bildirilib ki, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib:
"Altı şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir. Vəziyyətləri normal qiymətləndirilir. Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilmişdir".