BAKI, 20 iyul — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. Bu barədə DTX-nin saytında məlumat verilib.
"Ölkəmizdə cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən yeni təhlükəli növü olan, kompüter sistemlərinə qanunsuz müdaxilə hallarını özündə ehtiva edən kibercinayətkarlığa qarşı qəti mübarizə tədbirləri görülür və cəzanın labüdlüyü prinsipi təmin edilir.
Məhkumların cəza çəkdikləri dövrdə həqiqi islah olunmaları, törətdikləri əməllərdən səmimi peşmanlıq hissi keçirmələri, zərərçəkmiş şəxslə barışığa nail olunması və dəymiş ziyanın aradan qaldırılması həmin şəxslərin daha yüngül rejimli müəssisəyə keçirilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqində əsas yaradan hallardandır.
Lakin bununla belə hüquq mühafizə və məhkəmə orqanları tərəfindən tətbiq olunan bu humanist yanaşmadan sui-istifadə edilərək zərərçəkmiş şəxslərin adından saxta barışıq ərizələrinin tərtib olunması, cəzanın yüngülləşdirilməsi məqsədilə qeyri-qanuni hazırlanmış sənədlərin təqdim edilməsi halları müşahidə olunmaqdadır.
Belə ki, ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Elgün Hüseynovun cəzasının yüngülləşdirilməsi məqsədilə təqdim olunmuş zərərçəkmiş şəxsin hüquqi varisinin barışıq ərizəsi şübhə doğurduğundan Ədliyyə Nazirliyi tərəfindən araşdırılaraq belə bir razılığın əldə olunmadığı, müvafiq sənədin kompüter proqramı vasitəsilə saxta yolla hazırlandığı müəyyən edilmişdir. Həmin əməldə kibercinayətin əlamətləri olduğundan materiallar aidiyyəti üzrə araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim olunmuşdur.
Faktla bağlı başlanılmış cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkmiş Sənan Mehdiyev, Ehtibar Mehdiyev və Vasif İsmayılov azadlıqda olarkən cinayət əlaqəsinə girərək müxtəlif məhkumların sifarişi ilə bir sıra işlər üzrə zərərçəkmiş tərəflərin adından ziyanın ödənildiyi və barışığın olduğu barədə guya notariat qaydasında təsdiq olunmuş, üzərində QR kod yerləşdirilmiş saxta ərizələr hazırlamaqla bu sənədləri internetdə müvafiq rəsmi saytın interfeysinə bənzər, həqiqi olmayan səhifə yaradaraq orada yerləşdirilməsini təmin etmiş və bununla da həmin ərizələr məhkəmə prosesləri zamanı rəsmi saytda yerləşdirilmiş və həqiqiliyi QR kodla təsdiq edilən sənədlər adı altında təqdim olunmuşdur.
Eyni zamanda müəyyənləşdirilmişdir ki, həmin cinayətkar qrup eyni üsullarla bir sıra digər məhkumların vaxtından əvvəl cəzadan azad olunması məqsədilə guya zərərçəkən tərəflə barışıq əldə olunduğu, ziyanın ödənildiyini göstərən saxta sənədləri kompüter texnologiyalarından istifadə etməklə hazırlamış və məhkəmə prosesləri zamanı istinad edilməsi üçün aidiyyəti üzrə təqdim edərək cinayət əməllərinə yol vermişdir.
Sənan Mehdiyev, Ehtibar Mehdiyev və Vasif İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma), 273-2-ci (kompüter məlumatlarını saxtalaşdırma) və 294.3-cü (sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş, yaratdıqları müvafiq elektron səhifənin fəaliyyəti isə dayandırılmışdır.
Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyi tərəfindən saxta sənədlərdən istifadə etmiş şəxslərin tam dairəsinin müəyyən olunması və digər əlaqəli xüsusatlar üzrə araşdırmalar davam etdirilir".