İQTİSADİYYAT

Əhalinin yanacaq xərcləri artıb

Altı ayda istehlakçıların pərakəndə ticarətdə xərclədiyi vəsaitin 5,7%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub
Sputnik
BAKI, 20 iyul — Sputnik. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil benzini və dizel yanacağına istehlakçılar tərəfindən 1 milyard 295,2 milyon manat xərclənib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,6% və ya 102,6 milyon manat çoxdur.
Qeyd edək ki, bu ilin ilk altı ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,7%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azdır.
Xatırladaq ki, xarici ölkələrdən Azərbaycana idxal edilən "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiymətində dəyişiklik baş verib. Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98" markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb. Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin payına düşür. Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir.
Sentyabrda qiymət qalxmışdı
Ötən ilin sentyabr ayının 15-dən etibarən ölkəmizdə Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzinin qiymətində artım baş verib. Aİ-95 markalı benzinin qiyməti 1,60 AZN, Aİ-98 markalı benzinin qiyməti isə 1,90 AZN olub.
Bu qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən Aİ-95 markalı benzinin qiyməti 1,45 AZN, Aİ-98 markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.
Məlumat üçün onu da bildirək ki, Aİ-92 markalı benzinin qiymətini Tarif Şurası müəyyən edir. Azərbaycanda yanacağın qiymətinə sonuncu dəfə ötən ilin yanvarında dəyişiklik edilib. Yanvarın 4-də Tarif Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Tarif Şurası bu qərarı istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə neft emalı sənayesində yenidənqurma, modernləşdirmə işlərinin davam etdirilməsi, tənzimlənən qiymətlərin sayının azaldılması, bazar münasibətlərinin formalaşdırılması istiqamətində dövlət siyasətini nəzərə alaraq verib.