BAKI, 20 iyul — Sputnik. Rusiyadan qaz tədarükü Almaniyaya bu qış enerji böhranından qurtulmağa imkan verəcək. Bu fikri Bundestaqın deputatı Yevgeni Şmidt bildirib.
"Məhz Rusiyadan ucuz qazın tədarükü Almaniyaya qarşıdakı qışda enerji böhranından yayınmağa imkan verəcək", - deputat bildirib.
Onun sözlərinə görə, "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərinin tam gücü ilə işə salınması Almaniyanın maraqlarına uyğun olardı.
Bundan əlavə, Şmidt ölkə hakimiyyətini ilk növbədə Almaniyanın özünə zərbə vuran sanksiyalar siyasətini məhdudlaşdırmağa çalışmağa çağırıb.
Daha əvvəl bildirilmişdi ki, Almaniyaya Rusiya qazının ən böyük idxalçısı "Uniper" Rusiyanın qaz tədarükünü kəsməsindən sonra hər gün on milyonlarla avro itki ilə üzləşib. Bu, onu digər mənbələrdən qazı daha yüksək qiymətlərlə almağa məcbur edib.
İyulun 14-də Bloomberg "Shell"in rəhbəri Ben van Beurdenə istinad edərək bildirib ki, Avropanı enerji qiymətlərinin yüksək olması səbəbindən çətin qış gözləyir.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.