SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN rəhbəri Ermənistanla münasibətlərin normallaşması üçün şərtləri açıqlayıb

Ceyhun Bayramov deyib ki, iki ölkə arasında əlaqələrin bir-birinin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyini qarşılıqlı şəkildə tanınmasına əsaslanan normallaşmasının alternativi yoxdur.
Sputnik
BAKI, 19 iyul - Sputnik. Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşması bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanımaya əsaslanmalıdır.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə birgə mətbuata açıqlamasında bildirib.
“Əməkdaşlıq şurasının əvvəlki iclası 44 günlük müharibənin başa çatmasından və onilliklərlə davam edən münaqişəyə son qoyan Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən üçtərəfli bəyanatın imzalanmasından qısa müddət sonra baş tutdu. İki ölkə arasında əlaqələrin bir-birinin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyini qarşılıqlı şəkildə tanınmasına əsaslanan normallaşmasının alternativi yoxdur. Aİ post-münaqişə dövründə vacib rol oynayır. Bu mənada biz Prezident Şarl Mişelin Ermənistan və Azərbaycan arasında əlaqələrin normallaşdırılmasına dair səylərini, dəstəyini alqışlayırıq”, - XİN rəhbəri qeyd edib.
Avropa İttifaqı Azərbaycanın əsas investorudur
Ceyhun Bayramov həmçinin qeyd edib ki, pandemiyaya baxmayaraq, Avropa İttifaqı (Aİ) hələ də Azərbaycanın əsas investoru olaraq qalır.
“700-dən çox şirkətlə Aİ bizim ölkəmizdə ən böyük investordur. İnvestisiyaların həcmi on milyardları aşır. Enerji Aİ-Azərbaycan tərəfdaşlığının mərkəzi sütunu olaraq qalır. Bizim enerji sahəsində əməkdaşlığımız ötən gün Prezident İlham Əliyev və Prezident von der Leyen tərəfindən imzalanmış yeni Anlaşma Memorandumu ilə daha da gücləndirildi. Biz strateji tərəfdaşlığımızı Avropa bazarına alternativ qaz həcminin gətirilməsi məqsədi daşıyan, Avropada ən böyük enerji və infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizi ilə inkişaf etdiririk. Yunanıstan və Bolqarıstana interkonnekterlərin həyata keçirilməsi Cənub Qaz Dəhlizinin diversifikasiyasınının göstəricisidir”, - nazir qeyd edib.
Azərbaycanlı nazir ölkənin alternativ enerji ilə bağlı hədəflərinə də toxunub:
“Enerji təhlükəsizliyi enerjin infrastrukturunun modernləşdirilməsi, enerji səmərəliliyi, alternativ enerji mənbələrindən istifadə ilə yaxından əlaqəlidir. İqlim hədəflərinə nail olunması, ölkənin alternativ enerji resurslarından səmərəli istifadə, həmçinin enerji keçidinin təmin edilməsi məqsədilə Azərbaycan 2030-cu ilədək alternativ enerji istifadəsinin payını cari 17 faizdən 30 faizədək artırmağı hədəfləyir. Bunlar Aİ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın gündəliyində nisbətən yeni və perspektivli məsələlərdir və Aİ və Azərbaycan arasında “yaşıl dialoq”un əsasını qoyur”.
Minaların partlaması nəticəsində insanlar ölür
C.Bayramov Brüsseldə onu da qeyd edib ki, Azərbaycanın minatəmizləmə işlərinə daha yüksək beynəlxalq diqqət və yardımın ayrılmasına ehtiyac var.
Aİ-yə Azərbaycanın minatəmizləmə əməliyyatlarına verdiyi dəstəyə görə təşəkkür edən nazir deyib ki, minatəmizləmə postmünaqişə dövründə yenidənqurmanın əsas elementidir:
“2020-ci ilin noyabrında müharibənin başa çatmasından bəri minaların partlaması nəticəsində Azərbaycanın 93-ü mülki olmaqla, 225 vətəndaşı öldürülüb və yaxud yaralanıb. Ərazisi minalarla, partlamamış sursatlarla ən çox çirkləndirilmiş ölkələrdən biri olan Azərbaycanın minatəmizləmə işlərinə daha böyük beynəlxalq diqqət və yardımın yönəldilməsinə ehtiyac var. Biz 40 milyon avroluq sonuncu paket də olmaqla, Aİ-nin humanitar minatəmizləmə işlərində yardımına görə təşəkkür edirik.
Biz ümid edirik ki, səfərbər edəcəyimiz bütün aidiyyəti qurumlar minatəmizləmə səylərini dəstəkləyəcək. Biz Aİ-nin Azərbaycanda postmünaqişə bərpasına töhfə vermək səylərini yüksək qiymətləndiririk. Bu gün Avropa şirkətləri Azərbaycanın azad edilmiş ərazilərdəki müxtəlif layihələrdə iştirak edirlər”.
Bu saziş Azərbaycanla Aİ-nin əməkdaşlığını daha da gücləndirəcək
"Biz hazırda Azərbaycanla yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların vacib mərhələsindəyik".
Bu sözləri isə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuata açıqlamasında bildirib.
“Bu yeni saziş bizim əməkdaşlığımızı və siyasi dialoqumuz daha da gücləndirəcək”, - o qeyd edib.
Aİ-nin Ali Nümayəndəsi əlavə edib ki, Aİ Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsini dəstəkləyir.
Azərbaycanla Ermənistan arasında sülhün yaradılmasının vacibliyinə toxunan Borrell deyib:
"Biz Cənubi Qafqazda sülhü, inkişafı və çiçəklənməni təşviq edən, buna şərait yaradan bütün səyləri dəstəkləyirik. Ötən həftə Tbilisidə Azərbaycan və Ermənistan XİN başçıları arasında baş tutan görüşü təqdir edirəm. Cənab Ceyhun Bayramova bu görüşlə bağlı məni məlumatlandırdığı üçün təşəkkür edirəm. Aİ regionda normallaşmanı və sülh istiqamətində səyləri dəstəkləməyə hazırdır".
"Aİ fikir ayrılıqları üzərində körpünün qurulmasına kömək etmək üçün çalışır və biz bu istiqamətdə fəal işləyirik”, - Aİ-nin Ali nümayəndəsi əlavə edib.
Cozep Borrell Azərbaycanın Ukraynaya humanitar dəstəyini də yüksək qiymətləndirib:
“Bu münaqişənin Cənubi Qafqaza da mənfi təsirləri var. Bu kontekstdə mən Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirdiyimiz bildirdim və təşəkkürümü ifadə etdim”.