PAYTAXT XƏBƏRLƏRİ

"EuroHome"da qətli kim törədib? Qardaşlara cinayət işi açıldı

Aparılmış araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Sputnik
BAKI, 19 iyul — Sputnik. İyulun 18-i saat 16 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "EuroHome" ticarət mərkəzində kombi satışı ilə məşğul olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyevin iş yerində çoxsaylı bıçaq xəsarətləri yetirilərək öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Binəqədi Rayon Prokurorluğundan bildirilib.
Qeyd olunub ki, aparılmış araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
İstintaq davam edir.