BAKI, 18 iyul — Sputnik. TƏBİB koronavirusa yoluxma sayının artması nəticəsində yenidən modul tipli xəstəxanaların fəaliyyət göstərib-göstərməyəcəyi məsələsinə aydınlıq gətirib.
Qurumdan bildirilib ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir:
"Fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilir və təhlil aparılır. Hazırda mövcud çarpayı sayı yetərlidir".
Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən həftə ərzində qlobal olaraq koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artmaqdadır.
Ümumdünya Səhiyyə Təşkilatı dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir.
Azərbaycanda da son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir. Yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur.
Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir.
Qeyd edək ki, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər.
Bir daha vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini ciddi şəkildə tövsiyə edirik.