Rus bölməsi: valideyn tədrisin "sualtı daşları" barədə
Mütəxəssislər uşaqların rus bölməsinin birinci siniflərinə qəbulu şərtlərinə yenidən baxılmasını və rus dilini ana dili kimi bilənlərin çatışmazlığını kompensasiya etməyi təklif edirlər.
SputnikBAKI, 18 iyul - Sputnik. Yaxın illərdə Azərbaycanda məktəblərin rus bölməsinə uşaq axını azala bilər. Belə bir fikri Sputnik Azərbaycan-a açıqlamasında Bakı şəhəri, 82 saylı məktəbin ibtidai sinif müəllimi Səbinə Hacıramazanova söyləyib. Onun fikrincə, bu fenomenin səbəbi bir çox tələbələrin keçə bilmədiyi dil maneəsidir.
Seçim şərtləri dəyişdirilməlidir
İndi məktəblərin rus bölməsində birinci sinfə şagird qəbulu əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bu, birinci sinif üçün bu yaxınlarda tətbiq edilən seçim sistemi ilə bağlıdır. Beləliklə, gələcək birinci sinif şagirdləri rus nitqini bilmə səviyyəsi üçün sınaqdan keçirilir. Lakin Hacıramazanovanın fikrincə, bu, kifayət deyil.
Müəllim əmindir ki, Azərbaycan Təhsil Nazirliyi seçim şərtlərinə yenidən baxmalı, yalnız ailə üzvləri rus dilini mükəmməl bilən uşaqları rus bölməsinə qəbul etməlidir.
Axı bir çox valideynlər səhvən hesab edirlər ki, uşaq bağçasında iki illik hazırlıq uşağa “rus dilində düşünməyi” öyrətmək üçün kifayətdir.
Bəs başqa dil mühitinə “atılan” uşaqların üzləşdiyi problem nədir?
“Bir çox məktəblilər rus dilini bilmədikləri halda bu dildə təhsil aldıqları üçün məktəbin Azərbaycan bölməsində reallaşdıra biləcəkləri potensialı üzə çıxara bilmirlər. Çox vaxt uşaq rus dilində sözlərin mənasını başa düşmədiyi üçün yalnız "üç" qiymətlər alır, mövzuları o qədər də tez mənimsəyə bilmir. Halbuki, Azərbaycan bölməsində əlaçı tələbə ola bilərdi. Müşahidələrimə görə, əgər mən qaydaları izah edirəmsə və şagird onları başa düşmürsə, o zaman Azərbaycan dili dərsində eyni qaydaları daha yaxşı və daha aydın anlayır”, - deyə müəllim bildirir.
O həmçinin azərbaycandilli valideynlərə övladını rus sektoruna göndərməklə gələcəyini “sındırmamağı” tövsiyə edir.
S.Hacıramazanova öz təcrübəsində, dəfələrlə valideynlər övladını rus sektoruna göndərmək üçün çox xahiş etməsi və məktəbi bitirdikdən sonra universitetə daxil ola bilmədiyi vəziyyətlərlə qarşılaşdığını deyir.
Azərbaycanın təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl məktəblərin rus bölməsində təhsilin keyfiyyətindən narazılığını bildirib.
Səbinə xanım əmindir ki, təhsilin keyfiyyəti problemi heç də müəllimlərlə bağlı deyil. Rus sektorunda səriştəli müəllim çatışmazlığı yoxdur. Onun qənaətinə görə, təhsil rus dilində olan siniflərdə uşaqların sayı az olsaydı, müəllimlər öz işlərinin öhdəsindən daha yaxşı gələrdilər.
Yeri gəlmişkən, Səbinə xanımın özünün sinfində 32 şagird təhsil alır.
Son zamanlar tez-tez müzakirə olunan Azərbaycanda rus sektorunun pullu ola biləcəyi ilə bağlı suala isə müəllim cavab verib ki, bütün ölkə sakinləri ilk növbədə dövlət dilini bilməlidirlər.
“Mən özüm rus sektorunda çalışsam da, deyim ki, evdə yalnız doğma Azərbaycan dilində danışan uşaqların rus sektorunda təhsil almasını düzgün deyil. Ona görə də rus sektoru ödənişli olarsa, o zaman bu, ən azı ağlabatan qərar olar”, - deyə müəllim bildirib.
Rus dili geniş imkanlar deməkdir
İki uşaq anası Milana Ramazanova onları daha geniş dünyagörüşlü olsunlar deyə rus sektoruna oxumağa göndərdiyini etiraf edir.
Onun fikrincə, Azərbaycanda rus dilində təhsil imkanlarının daha geniş olduğu heç kimə sirr deyil. Belə ki, lazımi dünya ədəbiyyatı və tədris vəsaitləri rus dilində ictimai sahədə asanlıqla tapıla bilər.
Bununla belə, Ramazanova rus sektorunda tədrisin “sualtı daşları” ilə də üzləşməli olduğunu deyir. Onun fikrincə, müəllimlər uşaqlara “necə gəldi” dərs deyirlər və valideyn övladlarına layiqli təhsil vermək üçün repetitor tutmalı olur - bu isə, yeri gəlmişkən, elə də asan deyil.
Bundan əlavə, məktəblilər ikiqat dərs yükü yaşamağa məcburdurlar, halbuki, Azərbaycan sektorunda təhsil alsaydılar, bu da olmayacaqdı.
Bundan başqa, buraxılış imtahanı zamanı bütün çoxsaylı fənlərdən əlavə, tələbələr dövlət dili üzrə də imtahan verməlidirlər. Rus dilində təhsil aldıqdan sonra bütün ömür boyu Azərbaycan dilində yenidən hazırlıq keçməyə ehtiyac olur.
“Azərbaycanda rus dilini nəzərə almamaq mümkün deyil. Azərbaycan dilinin dövlət dili olmasına baxmayaraq, demək olar ki, bütün şirkətlər işçi qəbul edərkən ən azı rus dilini, əlavə olaraq ingilis dilini bilməyi tələb edirlər”, - deyə Ramazanova bildirir.
Problemi birlikdə həll etməli
Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina Sputnik Azərbaycan-a bildirib ki, rəhbərlik etdiyi qurum rus dili təmayüllü məktəblərə ixtisaslı kadrların cəlb edilməsi layihəsinin həyata keçirilməsində Təhsil Nazirliyinə kömək etməyə hazırdır.
Onun fikrincə, rusdilli müəllimlərin müəyyən qədər Azərbaycandan axını baş verib. Ekspertin fikrincə, yaranmış boşluğu burada və indi olan kadrlarla doldurmaq olar, lakin bunun üçün onların peşəkar səviyyəsini yüksəltmək vacibdir.
Yakuninanın fikrincə, bu, aktual məsələdir, çünki ümumtəhsil məktəblərində rus dili müəllimlərinə ehtiyac yalnız dövlət səviyyəsində həll oluna bilən məsələdir.
Mütəxəssiss fənlər üzrə rusdilli müəllimlərin çatışmazlığını da “ciddi problem” hesab edir. Onun sözlərinə görə, bir çox hallarda universitetlərin "rus" fakültələrinə çox bilikli, lakin rus dilini aşağı səviyyədə bilən uşaqlar qəbul olurlar. Dil səviyyəsini artırmaq istəyənlər xüsusi kurslara yazılır.
Rus dili müəllimlərinə gəlincə, Yakuninanın fikrincə, bu həm də böyük, “şəxsi” məsələdir. Belə ki, filologiya fakültəsinin məzunları çox vaxt ofislərdə daha rahat işləməyə üstünlük verirlər.Qurum rəhbəri bildiri ki, təmsil etdiyi Assosiasiya da Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə məktəblərdə rusdilli müəllim çatışmazlığının aradan qaldırılması yollarını nəzərdən keçirir.
"Rusiyada çox güclü Azərbaycan diasporumuz var. Bunun da böyük əhəmiyyəti var. Demək istəyirəm ki, indi Rusiyada rus dilini çox yaxşı səviyyədə bilən azərbaycanlı uşaqların çoxu burada, Azərbaycanda köçür və təhsillərini davam etdirirlər. Ona görə də ümid var ki, gələcəkdə məktəblərimizin məzunu olacaq bu uşaqlar yaxşı rus dili səviyyəsi ilə ali məktəbə gələrək, oxuyub, sonradan təhsil ocaqlarımızda vakant yerləri tutacaqlar”, - deyə Yakunina bildirib.
Azərbaycanın ən yaxşı "rus" məktəbləri
Onun sözlərinə görə, Azərbaycanda 334 rus dilində təhsil verən məktəb və tədrisin yalnız rus dilində aparıldığı 17 məktəb var. Sonuncular əsasən regionlarda yerləşir.
“Bizim gözəl məktəbimiz var, yalnız rusdilli məktəbdir, Naxçıvandakı 3 nömrəli məktəb. Çox yaxşı müəllim heyəti, oxumaq üçün yaxşı şəraiti var və o, çox yaxşı nəticələr göstərir. Hər il onun məzunlarının demək olar ki, hamısı universitetlərə daxil olur”, - deyə Yakunina bildirib.
Rus dili olimpiadalarının nəticələrinə görə, aşağıdakı təhsil müəssisələri də yüksək göstəricilər nümayiş etdirir: Bakı 6 nömrəli məktəb-lisey, Bakı Slavyan Universitetinin liseyi, 160 nömrəli Klassik Gimnaziya, 145, 229 nömrəli ümumtəhsil məktəbləri, Zaqatala rayonundakı 2 nömrəli məktəb, Gəncə şəhər 4 nömrəli məktəbi, Qusar şəhər 3 nömrəli məktəbi, Xaçmaz şəhər 8 nömrəli liseyi, Lənkəran şəhəri 4 nömrəli məktəbi. Ancaq məktəb barədə yalnız uşaqlardan hansınınsa olimpiadalarda yer tutması əsasında fikir yürütmək mümkün deyil. Axı elə şagirdlər var ki, bu və ya digər səbəbdən olimpiadada iştirak edə bilməyiblər. Onların oxuduğu məktəb isə ümumilikdə təhsilə kifayət qədər ciddi yanaşır", - deyə Yakunina vurğulayıb.