BAKI, 18 iyul - Sputnik. Yeni anti-Rusiya sanksiyalar paketində Avropa Komissiyası Rusiya Federasiyasından kənd təsərrüfatı məhsullarına qoyulan hər hansı məhdudiyyətdən imtina etməyi tövsiyə edir. Bu barədə qurumun bir neçə gün əvvəl yayılmış məlumatında deyilir.
Qeyd olunur ki, sanksiyalar “bütün dünyada ərzaq təhlükəsizliyinin qorunması üzrə komissiyanın qətiyyətli mövqeyini” təsdiqləyir.
Yeni paket Rusiya qızılının idxalına qadağa qoyulmasını, ikili təyinatlı malların və qabaqcıl texnologiyaların ixracına nəzarətin gücləndirilməsini tövsiyə edir.
Avropa Komissiyası mövcud sanksiyaların 2023-cü ilin yanvar ayının sonuna qədər uzadılmasını tövsiyə edir. Bundan sonra Aİ səlahiyyətliləri məhdudlaşdırıcı tədbirlərin mümkün uzadılması barədə qərar verəcək.
Fiziki və hüquqi şəxslərin “aktivləri dondurulmaqla və səfər imkanları məhdudlaşdırmaqla” siyahısına daxil edilməsi üçün Avropa İttifaqı Şurasına daha çox namizədin təklif edilməsi planlaşdırılır.
Aİ səfirlərinin gələn həftə yeni sanksiyalar paketini müzakirə edəcəyi gözlənilir.