BAKI, 17 iyul - Sputnik. İsti günlərdə kondisionerə olan tələbat artır. Kondisioner işləyərkən havada mövcud olan yüngül oksigen ionları mənfi olur və yavaş-yavaş otağa freon tipli qaz dolur və həmin qaz qapalı yerdə insana pis təsir edir. Ona görə də kondisioner havasında uzun müddət qalmaq tövsiyə olunmur.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Nazilə Babayeva deyib: “Kondisionerin uzun müddət istifadə olunması zamanı istər-istəməz otaqda havanın quruması prosesi baş verir. Orqanizm normal halda daim seliklə örtülü olur və havadan orqanizmə daxil ola bilən müxtəlif zərərverici maddələr, tozlar, mikroorqanizmləri öz üzərinə hopduraraq bufer rolu oynayır. Selikli qişada quruma prosesi baş verəndə selik olmadığı üçün artıq qoruyucu funksiya pozulmuş olur”.
Həkimlər müəyyən ediblər ki, kondisioner yuxarı tənəffüs yollarında - ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmə aparıb çıxara bilir. Eləcə də təmizlənmədən işləyən kondisionerlərdən istifadə zamanı soyuqdəymə, astma kimi xəstəliklərin sayı artır. Mütəxəssislər bildirirlər ki, kondisioner işləyən otaqda havanı tez-tez dəyişmək lazımdır. “İstidən soyuğa, soyuqdan istiyə keçmə prosesi tez-tez baş verirsə, təbii ki, orqanizmə ziyandır. Kondisionerin filtrlərinin mütəmadi olaraq təmizlənməməsi bir sıra xəstəliktörədən mikrobların, bəzi bakteriyaların, hətta göbələklərin yayılması üçün əlverişli şərait yaradır”.
Əslində, kondisioner sağlamlıq üçün lazımi cihazdır. Amma cihazdan sui-istifadə etməklə otaqda həddən artıq soyuqda və istidə yatmaq olmaz. Normal ev və iş şəraitində kondisionerin temperaturunu 20-22 dərəcəyə yönəltməyi tövsiyə edən həkim-terapevt ondan gecə saatlarında istifadəni məsləhət görmür: “Otağın içərisindəki temperatur ilə bayırdakı temperatur arasındakı interval çox böyük olmamalıdır. Kondisionerin havası birbaşa otaqdakıların üzərinə vurmamalıdır. Həmin qaydalara riayət olunması onun zərərlərini minimuma endirir”.
Sağlamlığa bilərəkdən mənfi təsir vurmamaq üçün kondisionerdən imtina etmək yox, ondan düzgün istifadə etmək lazımdır. Kondisionerdən mütəmadi istifadə xroniki xəstəlikləri olanların ağrılarının artmasına səbəb ola bilər.