TƏHLİL

Belarus və İran ŞƏT-ə üzv oldu, növbə Azərbaycanındır?

Şanxay Əməkdaşlıq Təşkilatı dünya iqtisadiyyatında getdikcə daha böyük rol oynayır və yeni çoxqütblü dünyanın mərkəzlərindən birinə çevrilə bilər. Azərbaycanın assosiasiyaya daxil olması nə verəcək – bu barədə Sputnik-Azərbaycan-ın materialında.
Sputnik
BAKI, 17 iyul - Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatı ən gənc və ən böyük, lakin dinamik inkişaf edən beynəlxalq təşkilatlardan biridir.
Köhnə birqütblü dünyanın dağılmasını və yeni çoxqütblü dünyaya keçidi nəzərə almaqla isə, Rusiya və Çin kimi bir neçə böyük dövlətin daxil olduğu belə təşkilatlar başqa ölkələrdə də maraq oyatmağa başlayıb.
ŞƏT-in beynəlxalq vəziyyətdə statusu və rolu artmağa başlayıb. Amma məsələ təkcə bir sıra ölkələrin öz diskursunu və baxışını başqalarına sırımağa çalışan Qərblə dəyişmiş şəraiti nəzərə alaraq siyasi tarazlıq tapmaq cəhdində deyil.
Qarşıdan gələn qlobal tənəzzül oyunçuları təkcə regiondakı “köhnə” tərəfdaşlarla ticarət əlaqələri qurmağa deyil, həm də ondan kənarda yeni bazarlar tapmağa məcbur edir. Məhz ŞƏT kimi böyük təşkilatlar iqtisadi əməkdaşlığı inkişaf etdirmək istəyənlər arasında ticarət körpüləri yaratmağa imkan verəcək.
Üstəlik, təşkilatın üzvlərindən biri olan Çin qədim ticarət yolları boyunca Asiyanı Avropa və Afrika ilə birləşdirəcək ticarət və infrastruktur şəbəkəsinin yaradılması məqsədilə “Bir kəmər, bir yol” layihəsini fəal şəkildə təbliğ edir.
Belarus və İran ŞƏT-ə üzv olur
Belarus rəsmi olaraq təşkilata ŞƏT-ə tamhüquqlu üzv kimi daxil olmaq üçün müraciət edib. Bu barədə Birliyin baş katibi Çjan Min bildirib. Baş katib hesab edir ki, bu addım Belarus Hakimiyyətinin "ŞƏT-in dəyərləri və prinsipləri Belarusun dəyərlərinə uyğundur" qənaətinə gəlməsindən xəbər verir. Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Minsk müraciətinin təşkilatın bütün üzv ölkələrinə göndərildiyini bildirib və qeyd edib ki, Səmərqənd sammitində ölkənin ŞƏT-ə üzv qəbulu proseduruna start verilə bilər. Norov, həmçinin, qeyd edib ki, zirvə görüşündə İranın üzvlük məsələsinə baxılacaq və Birliyin üzvü kimi onun öhdəlikləri barədə müvafiq sənədlər imzalanacaq. Rusiya Prezidenti Vladimir Putin o zaman Tehranın ŞƏT-ə qəbulu prosedurunun başlanması təşəbbüsünü dəstəkləmişdi. "İranın daxil olması, şübhəsiz ki, təşkilatın beynəlxalq nüfuzunun daha da artmasına kömək edəcək", – deyə Rusiya lideri vurğulamışdı. Tehranın ŞƏT-ə daxil edilməsi haqqında qərar 2012-ci ildə keçirilmiş yubiley sammiti zamanı qəbul edilib.
Şərqi Çinin Şandun əyalətinin Qingdao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısının işarəsi yaxınlığında
Qeyd edək ki, təşkilata üzv dövlət başçılarının görüşü bu il sentyabrın 15-16-na Səmərqənddə keçiriləcəyi planlaşdırılıb. Gündəliyin əsas məsələlərindən biri ŞƏT-in daha da genişləndirilməsidir. Sammitdə bir sıra digər beynəlxalq və regional təşkilatlar - ərəb dövlətləri Liqası, YUNESKO, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) ilə birlik arasında tərəfdaşlıq əlaqələrinin qurulmasına dair memorandumların imzalanması gözlənilir.
Azərbaycan ŞƏT-ə üzv olmaq ərəfəsindədir
Bu ilin mayında təşkilatın baş katibi Çjan Minq bildirib ki, üzv dövlətlər Azərbaycanın (eləcə də Ermənistanın) müşahidəçi statusu alması məsələsini fəal şəkildə öyrənirlər.
"Bu baxımdan mən şəxsən nikbinəm, baxmayaraq ki, hazırda dəqiq vaxt deyə bilmərəm", - deyə Min qeyd edib.
Eyni zamanda o, bu cür qərarlar qəbul edilərkən iki ölkə arasındakı münasibətlərin də nəzərə alınmasının vacibliyinə diqqət çəkib.
Onun sözlərinə görə, ŞƏT-ə üzv dövlətlər təşkilata ikitərəfli ziddiyyətlər gətirməməkdə yekdildir.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsinin nəticələrindən sonra Azərbaycan Ermənistana münasibətləri normallaşdırmağı və sülh sazişi imzalamağı təklif etmişdi.
Bakı Yerevana beş prinsipdən ibarət - o cümlədən, sərhədin demarkasiyası və diplomatik münasibətlərin qurulması ilə bağlı paket təqdim edib.
Azərbaycanın irəli sürdüyü beş əsas prinsip
Azərbaycan Ermənistana ölkələr arasında münasibətlərin qurulmasının əsas prinsipləri ilə bağlı təklif təqdim edib:
suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərin toxunulmazlığının və siyasi müstəqilliyin qarşılıqlı tanınması;
dövlətlərin ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə bu iddiaları irəli sürməmək öhdəliyi;
dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və güc tətbiq etməkdən, habelə BMT Nizamnaməsinin məqsədləri ilə bir araya sığmayan digər hallardan çəkinmək;
dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
nəqliyyat və kommunikasiyaların açılması, digər kommunikasiyaların yaradılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq.
ŞƏT yeni dünya düzəninin formalaşması mərkəzlərindən birinə çevriləcək
Ekspert Fərhad İbrahimov hesab edir ki, bugünkü reallıqlar fonunda ŞƏT-in əhəmiyyəti daha aktualdır.
"Bu təşkilat dünya düzəninə baxışı ilə Qərbə qarşı durmağa, Avrasiyada təhlükəsizlik arxitekturasını qurmağa qadirdir. Məhz buna görə də Belarus və İran kimi ölkələr təşkilatda perspektiv və potensial, eləcə də müəyyən problemlərin həlli üçün real imkanlar görərək bu təşkilata daxil olmaq qərarına gəliblər”, - deyə İbrahimov Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
Ekspert hesab edir ki, gələcəkdə ŞƏT-in nüfuzu daha da artacaq və o, təkcə Avrasiya regionunda deyil, bütün dünyada daha da nüfuzlu olacaq. O bunu belə izah edir ki, ŞƏT tərkibində hər birinin təşkilatın inkişafına və Avrasiya məkanındakı proseslərin təsirinə töhfə verə biləcək üç qüdrətli dövləti - Rusiya Federasiyası, Çin və Hindistanı birləşdirən bir təşkilatdır.
“Hazırda biz köhnə dünya nizamının qırılması və yenisinin formalaşmasının qovşağındayıq və bu mənada ŞƏT çoxqütblü dünyanı nəzərdə tutan çox uzun müddətdir ki, Rusiyanın haqqında danışdığı və Çin, Hindistan, İran kimi dövlətlər tərəfindən dəstəklənən yeni dünya nizamının tərkib hissələrindən birinə çevriləcək. Bu təşkilatın cəlbediciliyi ondadır ki, zaman keçdikcə o, özündə təkcə siyasi qərarların və təhlükəsizlik məsələlərinin deyil, həm də iqtisadi məsələlərin həllini birləşdirə bilir”, - deyə müzakirə klubunun üzvü hesab edir.
Assosiasiyanın ölkələrin görüşdüyü, müzakirə etdiyi və ortaq fikrə gəldiyi platformaya çevrildiyini deyən həmsöhbətimiz əlavə edib:
“Hindistan və Pakistan və ya Çin və Hindistan arasındakı münasibətlər buna yaxşı nümunə kimi göstərmək olar. Bu dövlərlərin fikirləri tez-tez bir-birindən fərqlənə bilər, lakin ŞƏT platforması onları birləşdirir və dialoq çərçivəsində onlar kompromis tapa bilirlər. Real təşkilatlar belə işləyirlər”.
Ekspert vurğulayıb ki, məhz ŞƏT-in alətləri 2019-cu ildə Hindistan və Pakistan arasında Kəşmirdə sərhəd münaqişəsində ifadə olunan gərginliyi aradan qaldırmağa imkan verib.
Təşkilata üzvlük Azərbaycana nə verə bilər?
“Dialoq tərəfdaşı” statusuna malik olan Azərbaycan bütün müsbət və mənfi cəhətləri ölçüb-biçərək struktura maraq göstərir. İbrahimovun sözlərinə görə, respublika gələcəkdə təşkilatın tamhüquqlu üzvü ola bilər, çünki ŞƏT Avrasiya regionunun müxtəlif yerlərində, o cümlədən Cənubi Qafqazda geniş vüsət alır.
“Mənə elə gəlir ki, assosiasiya Azərbaycanın təşkilata tamhüquqlu üzv olmasına xüsusi maraq göstərəcək, çünki Azərbaycanın baxışı ŞƏT-ə üzv ölkələrin fikirləri ilə üst-üstə düşür - bu, çoxqütblü dünyadır, bu, bir-birinin maraqlarını tanımaq və hörmətdir. Bu, regionda təhlükəsizliklə bağlı kəskin məsələlərin həllidir”, - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, Bakı bu gün məhz regional təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirir. Təşkilatın tərkibində Azərbaycanın onların həllinə nail olması daha asan olacaq. Məhz bu səbəbdən İran tərəfdaşlarla koordinasiyanı asanlaşdırmaq üçün təşkilata qoşulub. Öz növbəsində, politoloq Sahil İsgəndərov da hesab edir ki, Azərbaycanın ŞƏT-də müşahidəçi statusunu almaq istəyi təbiidir, çünki respublika uzun müddətdir ki, tərəfdaş statusunu daşıyır.
"ŞƏT-in tərkibinə baxın, assosiasiyada Türk dövlətləri təşkilatının üç üzvü var - Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Digər tərəfdən, Azərbaycana dost olan və sız əlaqələr qurduğu Pakistan təşkilatda iştirak edir”. – deyə ekspert vurğulayıb.
O vurğulayıb ki, ŞƏT hərbi-siyasi birlik deyil, o, daha çox terrorizm və separatizmlə, o cümlədən, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə diqqət yetirir.
Bu baxımdan Azərbaycan belə neqativ təzahürlərdən “çox zərər çəkib” və bu kontekstdə respublika, sadəcə olaraq, ŞƏT üzvlərinin təcrübəsindən nələrsə öyrənə bilər. Müşahidəçi statusu alan Bakı assosiasiyanın iclasında bəzi təkliflərlə də çıxış edə biləcək.
Azərbaycan üçün iqtisadi üstünlüklər
İsgəndərov assosiasiyaya üzvlüyün respublika üçün iqtisadi səmərəsini qeyd edib "Düşünürəm ki, respublika da assosiasiyaya üzvlük haqqında düşünməlidir, çünki ŞƏT ÜDM-in nominal səviyyəsinə görə dünyada ikinci yerdədir, ÜDM-in alıcılıq qabiliyyəti paritetinə görə isə liderdir. Birliyə üzv ölkələrin əhalisi dünya əhalisinin, təxminən, 40%-ni təşkil edir. ŞƏT-in təklif etdiyi iqtisadi imkanlar güclüdür”, - deyə politoloq vurğulayıb.
O, həmçinin xatırladıb ki, Bakı hazırda Çin tərəfindən irəli sürülən və marşrutu Azərbaycandan keçən “Bir kəmər-bir yol” layihəsinin inkişafında maraqlıdır. "Düşünürəm ki, Rusiya və Çin ölkəmizin təşkilata üzv olmasının əleyhinə deyillər.
ŞƏT – in inkişafı perspektivdə dünya iqtisadi sisteminin lokallaşdırılması məntiqinə əsaslanır və Azərbaycan bu prosesdə layiqli yer tuta bilər", - deyə ekspert bildirib. Onun fikrincə, bugünkü dünya müharibələrdən və hərbi-siyasi ittifaqlardan bezib və ŞƏT məhz iqtisadi əlaqələrin qurulması yolu ilə alternativ təklif edir.
ŞƏT nədir
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılmış beynəlxalq strukturdur. Onun üzvləri Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistandır.
ŞƏT-də müşahidəçi ölkələr Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr isə Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.
Onun üzv ölkələrinin ümumi ərazisi 34 milyon kvadrat kilometrdən çoxdur ki, bu da Avrasiya qitəsinin ərazisinin 60%-dən çoxunu təşkil edir. ŞƏT ölkələrinin ümumi əhalisi 3,2 milyard nəfərdir ki, bu da dünya əhalisinin, təxminən, yarısı deməkdir.