BAKI, 16 iyul - Spunik. Rusiya Hava-Kosmik Qüvvələri (HKQ) Ukrayna hərbçilərinin Nikolayevdə müvəqqəti yerləşdirildiyi məntəqəyə hücum edərək 200-ə qədər millətçi və əcnəbi muzdlu əsgəri məhv edib.
APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
“Rusiya Hava-Kosmik Qüvvələri yüksək dəqiqlikli raketlərlə Ukrayna Silahlı Qüvvələrinin Nikolayev şəhərində yerləşən 123-cü Ərazi Müdafiə Briqadasının müvəqqəti dislokasiya məntəqəsinə endirdiyi zərbə nəticəsində 200-ə qədər millətçi və əcnəbi muzdlu, o cümlədən 13 ədəd zirehli və motorlu texnika məhv edilib.
Bundan başqa, Rusiya Hava-Kosmik Qüvvələrinin yüksək dəqiqliklə endirdiyi zərbələr nəticəsində, Ukrayna Silahlı Qüvvələrinin Seversk istiqamətində fəaliyyət göstərən 115-ci mexanikləşdirilmiş briqadası faktiki olaraq məhv edilib. Təkcə son iki gündə həmin briqadanın şəxsi heyət itkisi 600 nəfərdən çox təşkil edib”, - Rusiya MN-in məlumatında qeyd olunub.
O da bildirilib ki, ötən sutka ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın 14 pilotsuz uçuş aparatını vurub.
Rusiya MN müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi hərbi itkilər barədə məlumatı da açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 256 təyyarə, 139 helikopter, 1557 pilotsuz uçuş aparatı, 355 zenit-raket kompleksi, 4073 tank və digər zirehli döyüş texnikası, 746 reaktiv yaylım atəşi sistemi, 3149 sahə artilleriya qurğuları və minaatan, həmçinin 4253 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.