BAKI, 16 iyul — Sputnik. Müğənni Hiss beynəlxalq leybl olan "Warner Music" etiketi ilə 3-cü layihəsini təqdim edib. Gənc ulduz bu dəfə sözləri və musiqisi Əli Bağırzadəyə məxsus "Çək" mahnısını ekranlaşdırmaq qərarına gəlib.
O, klipinin çəkilişlərini rejissor Fuad İsmayılova həvalə edib.
Layihə Bakıda lentə alınıb və sənətçi iki obrazda kamera qarşısına keçib. Müğənni və modellərin staylinqini Niko Lab ərsəyə gətirib. Klipdə Adelina Kurulova və Lenard Claughton rol alıb. Sözügedən klip onun rəsmi "Youtube" kanalında yayımlanıb.
Məlumat üçün bildirək ki, müğənni Hiss (Röya Məmmədova) 1995-ci il 13 iyul tarixində Bakı şəhərində anadan olub. Üç yaşından etibarən qardaş-bacısı ilə uşaq evində (SOS Uşaq Kəndi) böyüyüb. 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb.
Hiss musiqiyə 14 yaşında başlayıb. O, 15 yaşında "Sən bir nəğməsən" adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub.
Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klip "YouTube"da 20 milyondan çox izlənilib. Hissin 2021-ci ildə ifa etdiyi "Karma" treki uzun müddət Azərbaycan üzrə "YouTube" və "Apple Music" trendlərində birinci yerdə qərarlaşıb. Hiss dünyanın ən böyük musiqi konserni olan "Warner Music Group"un (WMG) diqqətini çəkib və 2021-ci ilin sentyabr ayından "Warner Music Group" ilə müqavilə imzalayıb.