BAKI, 15 iyul - Sputnik. Cümə günü Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ilə görüşündə Ermənistan-Amerika münasibətləri məsələləri müzakirə olunub.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Armen Qriqoryan amerikalı qonağa regiondakı vəziyyəti, mövcud problemləri, eləcə də İrəvanın regional sülh və sabitliyin bərqərar olmasına yanaşmasını təqdim edib.
Bu kontekstdə Qriqoryan və Börns Ermənistanın Azərbaycan və Türkiyə ilə apardığı danışıqları müzakirə ediblər.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bu gün səhər saatlarında Yerevana bir neçə saatlıq təcili səfər edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Uilyam Börnsü qəbul edib.
Sputnik Ermənistanın yazdığına görə, görüşdə onlar beynəlxalq və regional təhlükəsizlik, terrorizmlə mübarizə ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər həmçinin Cənubi Qafqaz regionunda baş verən prosesləri də müzakirəyə çıxarıblar.