TƏHLİL

Türkiyə Ermənistan münasibətlərinin normallaşması Azərbaycan üçün əlverişlidirmi?

Millət vəkili bildirib ki, iqtisadi tənəzzülün hökm sürdüyü Ermənistanda anlayırlar ki, bu vəziyyətdən qurtulmaq üçün real addımlar atmaq lazımdır.
Sputnik
BAKI, 14 iyul — Sputnik. İyulun 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
İki ölkənin liderləri telefon danışığında münasibətlərin nizamlanması prosesinin vacibliyini vurğulayıblar. Onlar qeyd ediblər ki, bu, regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Qeyd edək ki, bu, Ərdoğanla Paşinyan arasında telefon danışığı vasitəsilə reallaşan ilk təmasdır.
Sputnik Azərbaycan Ərdoğan və Paşinyan arasında baş tutmuş telefon danışığının Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesinə təsiri ilə bağlı millət vəkili Arzu Nağıyevin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqovun fikirlərini öyrənib.
Milllət vəkili Arzu Nağıyev qeyd edib ki, Türkiyə və Ermənistan arasında gedən proseslər Azərbaycanla danışıqlar prosesinə də təkan verə bilər. Onun sözlərinə görə, iki liderin danışıqlarının əsas mövzusu təyin olunmuş komissiyaların fəaliyyəti ilə bağlı idi:
"Bu gün gündəmdə olan əsas məsələ Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasıdır".
Arzu Nağıyev həmçinin bu yaxınlarda Rusiya, Türkiyə və İran prezidentləri arasında keçiriləcək görüşə diqqət çəkib. O bildirib ki, regional proseslərin nizamlanmasında Azərbaycan-Ermənistan arasındakı məsələlərin həllini tapması xüsusi önəm daşıyır:
Politoloq Arzu Nağıyev
"Biz bu prosesdə Türkiyənin mühüm rolunu görürük. Hamıya məlumdur ki, Türkiyə-Ermənistan münasibətlərinin kəsilməsinin səbəbi Ermənistanın Azərbaycana qarşı yürütmüş olduğu işğalçılıq siyasəti idi. Türkiyə Ermənistan qarşısında şərt qoymuşdu ki, təcavükar və təxribatçı siyasətindən əl çəkərsə, iki ölkənin münasibətləri düzələ bilər. Ona görə də Türkiyənin Azərbaycan-Ermənistan arasında gedən danışıqlar prosesində təsir amili inkar olunmazdır".
Millət vəkili "3+3" formatının işi üçün münasibətlərin normallaşdırılmasının əhəmiyyətini qeyd edib:

"Türkiyə ilə sərhədlərin açılması Ermənistan üçün həyati əhəmiyyət daşıyır. İqtisadi tənəzzülün hökm sürdüyü Ermənistanda anlayırlar ki, bu vəziyyətdən qurtulmaq üçün real addımlar atmaq lazımdır. Ermənistanda da anlayırlar ki, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin işə başlaması onlar üçün də faydalıdır. Bu gün Türkiyənin Ermənistana təsir etmək üçün kifayət qədər mexanizmləri var. İndi Ermənistan bundan nəticə çıxarmalıdır. Burada müxtəlif tərəflərin öz marağı ola bilər, ancaq əsas məqsəd region ölkələrinin bundan faydalanmasıdır".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov da hesab edir ki, bu telefon danışığı və ümumiyyətlə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar Azərbaycan-Ermənistan danışıqlar prosesindəki durğunluğa da canlanma gətirə bilər:
"Türkiyə rəsmiləri dəfələrlə bildiriblər ki, Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar Azərbaycanla məsləhətləşmələrlə aparılır. Türkiyə tərəfi Azərbaycanın maraqlarına zidd olacaq hər hansı addım atmayacaq. İstənilən qərar Azərbaycanla razılaşdırılmış şəkildə qəbul olunacaq".
Ekspert Azərbaycan-Ermənistan danışıqlar prosesində hazırda durğunluğun müşahidə edildiyini qeyd edərək bildirib ki, bu Ermənistan daxilində gedən proseslərlə əlaqəlidir:
"Ermənistan daxilində və xaricində olan qruplar görünür ki, normallaşma prosesində maraqlı deyillər və buna mane olmağa çalışırlar. Buna görə də Ermənistan rəhbərliyinə təzyiqlər etməklə prosesi yubadırlar. Düzdür hazırda Ermənistan və Türkiyənin əldə etdiyi razılıqlar fundamental xarakter daşımasa da, simvolik əhəmiyyətə malikdir. Ümumilikdə isə bunun böyük siyasi mənası var. Ermənistan rəhbərliyi mövcud təzyiqlər altında hansısa addımlar atmağa çalışır. Ümid edirik ki, paralel olaraq Azərbaycanla davam edən proseslərdə də inkişaf meyilləri müşahidə ediləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.