BAKI, 14 iyul — Sputnik. Türkiyə tərəfi İstanbulda Qara dəniz vasitəsilə Ukraynadan taxılın təhlükəsiz daşınmasına nəzarət üçün koordinasiya mərkəzinin yaradılmasını təklif edib. Bu barədə "Cumhuriyet" nəşrində yazılıb.
Qəzet yazır ki, bunun üçün siyasi, hərbi, iqtisadi və hüquqi aspektlər nəzərə alınıb. İstanbulda keçirilən dördtərəfli görüşdə bütün tərəflərin nümayəndələrinin iştirakı ilə belə bir mərkəzin yaradılması barədə razılıq əldə olunub.
"Beləliklə, prosesə nəzarət nə Türkiyənin, nə də BMT-nin tam monopoliyasında olmayacaq. Tərəflərin razılaşdığı düstur Rusiya və Ukraynaya taxıl dəhlizinin idarə olunmasında hər mərhələdə iştirak etmək imkanı verir", – deyə nəşrdə qeyd olunub.
"Qəzet Türkiyənin müdafiə naziri Hulusi Akarın İstanbuldakı danışıqlardan sonra elan etdiyi Ukrayna limanlarından çıxışlarda və taxıl daşıyan gəmilərin marşrutlarında birgə nəzarətin təmin edilməsi missiyasına Türkiyənin də qoşulacağını istisna etmir. Belə bir düstur mümkündür", - "Cumhuriyet" yazır.
Yekun sənədin imzalanması dördlüyün gələn həftə İstanbulda keçiriləcək görüşündə planlaşdırılır.
"Akar bu sənədin məzmununu və hansı səviyyədə imzalanacağını açıqlamayıb", - Türkiyə qəzeti qeyd edir.
Bundan əlavə, sənədin iyulun 19-da Rusiya və Türkiyə prezidentlərinin İranda keçiriləcək görüşündən əvvəl, yoxsa ondan sonra imzalanacağı hələ dəqiq deyil.
Taxıl dəhlizi üzrə danışıqlar haqqında
İyulun 13-də İstanbulda mətbuata bağlı qapılar arxasında keçirilən danışıqlarda Rusiya, Türkiyə, Ukrayna hərbi nümayəndə heyətləri və BMT nümayəndələri iştirak ediblər. BMT-nin baş katibi Antonio Quterreş görüşdən sonra bildirib ki, Ukraynadan ərzaq məhsullarının Qara dəniz vasitəsilə təhlükəsiz və etibarlı ixracının təmin edilməsi istiqamətində İstanbulda mühüm addım atılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.